Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlara tezliklə qayıtması dövlətimizin prioritet məsələlərindən biridir. Prezident İlham Əliyev Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı tədbirdə çıxışında bir daha bəyan etdi ki, Zəngilan keçmiş məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaq ilk rayondur. Təbii ki, doğma evlərinə qayıdacaq insanların təhlükəsizliyinin və sosial rifahının təmin olunması diqqət mərkəzində saxlanılır. İlk sakinlərini qarşılayacaq Ağalı kəndində yeni müəssisələrin yaradılması da buna hesablanıb. Nəzərə alsaq ki, Zəngilan rayonunun aqrar potensialı kifayət qədər zəngindir, bu, həm yerli əhalinin məşğulluğu, həm də ərzaq təhlükəsizliyinin təmin olunması baxımından yaxşı imkanların olduğunu deməyə əsas verir.
Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
K.Nurullayeva vurğulayıb ki, azad olunmuş torpaqlarda sudan düzgün istifadə edilməsi, əkin yerlərinin düzgün seçilməsi, məhsuldarlıq və aqrotexniki xidmətin göstərilməsi mühüm əhəmiyyət kəsb edir.
“Bu gün Azərbaycan bərpa-quruculuq işlərini öz maliyyə imkanları hesabına həyata keçirir. Təsadüfi deyil ki, bu vaxtadək 4,4 milyard manat vəsait məhz bərpa-quruculuq üçün ayrılıb. Dövlətimizin təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin ayrılacağını bir daha diqqətə çatdırdı. Əsas məqsəd azad olunmuş torpaqlarda təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafı təmin etməkdir.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Burada beynəlxalq hava limanının inşası bu bölgənin əhəmiyyətini daha da artırır. Bu il istifadəyə veriləcək hava limanı işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə inşa edilən ikinci aeroportdur. Hava limanlarının, avtomobil yollarının tikilməsi, bir sözlə, əlverişli nəqliyyat infrastrukturunun yaradılması bölgənin turizm imkanlarının genişlənməsinə, əhalinin məşğulluğunun təmin olunmasına da töhfə verir”, - deyə deputat qeyd edib.
Beynəlxalq yükdaşımaların əhəmiyyətini xüsusi qeyd edən K.Nurullayeva Rusiya-Ukrayna müharibəsi fonunda alternativ marşrutların da əhəmiyyətinin artdığını diqqətə çatdırıb. Deyib ki, bu mənada Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq yol olacaq.
“Eyni zamanda, dövlətimizin başçısı bildirdi ki, Azərbaycana Xəzər dənizinin şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq. Bu da Azərbaycanın işğaldan azad etdiyi ərazilərin beynəlxalq əhəmiyyətini göstərir”, - deyə Könül Nurullayeva bildirib.