Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilanda böyük infrastruktur layihələri icra edilir

Zəngilanda böyük infrastruktur layihələri icra edilir


Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişmiş, yeni əməkdaşlıq imkanlarına yol açacaq reallıqlar yaranmışdır. Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu reallıqların formalaşmasında mühüm rol oynayır.

Zəngilan rayonu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda strateji əhəmiyyətinə görə seçilir. Çünki Zəngilanın strateji əhəmiyyətinin mühüm beynəlxalq ölçüsü var. Yəni onun strateji əhəmiyyəti beynəlxalq xarakter daşıyır. Belə ki, Zəngəzur həm İran, həm də Ermənistanla həmsərhəd olan rayondur. Eləcə də Zəngilan Zəngəzur dəhlizinin üzərində yerləşməklə Azərbaycan, İran və Ermənistan arasında mühüm beynəlxalq nəqliyyat-tranzit qovşağı olmağa iddialı və potensiallıdır. Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətli yeni bir layihə olduğunu nəzərə alsaq, bu layihə bölgəyə sülh gətirməklə yanaşı, nəqliyyat-kommunikasiya xəttlərini də inkişaf etdirəcək.

Bu gün Qarabağda görülən əsas məsələlərdən biri də üçtərəfli qaydada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələrin aradan qaldırılmasıdır. Əgər bir qədər tarixə nəzər salsaq görərik ki, hələ o vaxtlar Zəngəzur dəhlizində nəqliyyat-kommunikasiya xətləri mövcud idi, dəmir yolu fəaliyyət göstərirdi. Bakıda yaşayan insanlar həmin xətlə rahatlıqla Naxçıvana gedib-gəlirdilər. Amma o əlaqələr tamamilə kəsilərək dağıdıldı. Lakin bu gün Vətən müharibəsindən sonra yeni bir mənzərə yaranıb. Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu prioritet məsələdir. Zəngəzur dəhlizinin bərpa olunması hər şeydən əvvəl əlaqələrimizin Naxçıvanla bərpa olunması deməkdir. Bundan başqa həmçinin Türkiyə ilə quru yol əlaqələrinin bərpası da bu dəhlizdən keçir. Bu dəhliz eyni zamanda Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, həm də ticarətlə məşğul olanlar arasında rəqabət imkanlarının genişlənməsi anlamına gəlir.

Bu layihə həmçinin bölgədə sülh missiyasının davamı olacaq. Dəhliz Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsir göstərəck. Bu, təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına gətirib çıxaracaq. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malikdir. Dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər.

Artıq Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkilir ki, bu yol da tam yeni və daha əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olacaq, həm də vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır. Əlavə olaraq, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımalar üçün yeni bir yol olacaqdır.

Cari ildə Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları nəzərdə tutulub ki, bu da yaxın gələcəkdə Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməyinə əsas olacaqdır. Bu mənada, bölgənin iqtisadi inkişafını, turizm sektorunu, sənayesini, azad ticarətini təmin etmək üçün beynəlxalq hava limanı mühüm şərtə çevriləcək.

Eyni zamanda Zəngilan rayonunun təbiətinin füsünkar olmasının oranın qısa müddətdə böyük turizm bölgəsi olacağına inanan ölkə başçısı orada təxirəsalınmaz işlərin başlanmasının vacibliyini bildirərək, Zəngilanda dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplərin tətbiq edilməsinin önəmini vurğuladı. Son olaraq inanırıq ki, qısa zaman kəsiyində zəngilanlı keçmiş məcburi köçkünlər öz doğma ata-baba torpaqlarına qayıdaraq, bir zamanlar “Qızıl Zəngilan” adını almış o füsünkar diyarın adını özünə qaytaracaqlar.

Xatirə Fərzəliyeva-YAP fəalı
Xəbəri paylaş