Bakının Xətai rayonunda qəzalı vəziyyətdə olan binanın sakinləri təhlükə ilə üzləşib.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, Araz Novruzov 34 ünvanında yerləşən binanın uçmaq təhlükəsi var.
Qamışdan inşa edilən 2 mərtəbəli, 2 bloklu binada, təxminən, 12 ailə yaşayır. Belə ki, binanın bir hissəsi uçub, daşlar və qamışlar yerə tökülüb. Təhlükə riskinə görə, sakinlərin əksəriyyəti artıq evlərini tərk edib.
Bina sakini Mələkxanım Babayeva bildirib ki, 40 ildən çoxdur burada yaşayır:
“27 kvadratmetlik mənzildə 3 ailə yaşayırıq. Nəvələrim rütubət qoxusundan tez-tez xəstələnirlər. Hər gecə işıq naqilləri alışıb yanır. Hər günümüz bir təhlükədir”.
M.Babayevanın sözlərinə görə, külək əsən kimi, mənzilin tavanında ciddi problem yaranır, mənzin elektrik enerjisi kəsilir və günlərlə işıqsız qalırlar. O, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir nəticənin olmadığını bildirib.
Digər sakin Məhəmməd Qocayev təhlükəyə görə 3 otaqlı evini tərk etdiyini və hazırda kirayə qaldığını qeyd edib.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report" a açıqlamasında deyib ki, həmin ünvan daxil olmaqla qəzalı binaların inventarizasiyası keçirilib:
“Yaxın zamanlarda qəzalı və kəskin qəzalı binalarla bağlı qərar veriləcək, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəyik. Qəzalı vəziyyətdə olan binalar tərəfimizdən nəzarətdə saxlanılır. Kəskin hava şəraiti ilə əlaqədar əməkdaşlarımız sözügedən ərazidə olub, nəzarət edirlər".
Qeyd edək ki, sözügedən bina 1933-cü ildə tikilib və Heydər Əliyev adına Neft Emalı Zavodunun işçilərinə yaşayış məqsədilə verilib. Hazırda isə Xətai Rayon İcra Hakimiyyətinin balansındadır.