Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün hər bir azərbaycanlı Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycanla fəxr edir

Bu gün hər bir azərbaycanlı Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycanla fəxr edir


28 may Azərbaycanda Müstəqillik günüdür. Müsəlman Şərqində ilk demokratik Respublikanı 104 il əvvəl Azərbaycan xalqı yaratdı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsində də deyildiyi kimi, Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, “Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlət oldu.” Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Amma bu qısa dövr xalqımızın milli şüurunun, dövlətçilik ənənələrinin möhkəmlənməsi tarixi oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar - bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi.
Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara da seçmək və seçilmək hüququ verildi ki, bu da tarixi nailiyyət hesab olunurdu. Bu nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ demək idi. Bu isə Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunun növbəti təsdiqi idi. Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verərək deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Məhz ulu öndər Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmasına dair Sərəncamını, 2007-ci il 25 mayda isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışını qeyd etməliyik. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur.
Müstəqil Azərbaycan Respublikası hüquqi varis kimi nəinki bütün dövlətçilik ənənələrini bərpa etdi, həm də dünyanın ən nüfuzlu söz sahiblərindən birinə çevrildi. Regionun lider ölkəsi omaqla bərabər, beynəlxalq miqyasda sözünə və imzasına böyük etimad göstərilən bir dövlətdir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ən etibarlı üzvü, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə olan böyük güclərin dialoq məkanı, irqindən, dinindən asılı olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasıdır.

Biz son 2 ildir Cümhuriyyətin qurulmasını qələbə ruhu ilə qeyd edirik. 30 illik işğala son qoyan Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Şuşada dalğalanması qürur verir. Prezident İlham Əliyevin üçrəngli bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması qələbəmizin təntənəsidir. Eyni zamanda, görkəmli Cümhuriyyət xadimi, Dövlət Himnimizin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin güllələnmiş büstünün Şuşaya qaytarılması Azərbaycan xalqının qürurunu özünə qaytardı. Görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşa bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir.

Könül Nurullayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş