Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Teknofest”in Azərbaycanda uğurla reallaşması festivalın bütün Türk dünyasını əhatə etməsinə zəmin yaradır”

Könül Nurullayeva: “Teknofest”in Azərbaycanda uğurla reallaşması festivalın bütün Türk dünyasını əhatə etməsinə zəmin yaradır”


Böyük maraqla qarşılanan “Teknofest Azərbaycan" festivalında həm Türkiyənin, həm də Azərbaycanın milli və yüksək texnologiyaları sərgilənir. Bu sahədə əməkdaşlıq hər iki ölkənin bu sahədə imkanlarını genişləndirir. “Teknofest” ilk dəfə Türkiyə hüdudlarından kənarda keçirilir. Bu ilkdə də qardaş Türkiyə Azərbaycanı seçdi. Festival texnologiyanın inkişafında əhəmiyyətli rola malikdir. Azərbaycanda reallaşan uğurlu təcrübə bu festivalın bütün Türk dünyasını əhatə etməsinə zəmin yaradır.

Bu tədbir ilk növbədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, eyni zamanda bu sahələrdə sahibkarlığın təşviq edilməsi baxımından da əhəmiyyət kəsb edir. Ən böyük üstünlüklərdən biri Azərbaycanda gənc smart nəslin formalaşmasına stimul olmasıdır. Üstəlik, Qarabağın işğaldan azad olunduğu bir vaxtda, bərpa prosesində gənclərin iştirakı zamanı belə bir festival əlavə imkanlar yaradır. Təsadüfi deyil ki, “Smart Qarabağ” Hakatonu çərçivəsində Azərbaycan və türkiyəli proqramçı, texnologiya həvəskarlarından ibarət 34 komanda “Ağıllı şəhər” konsepsiyası üzrə öz yenilikçi həllərini təqdim edirlər. “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit, təhlükəsizlik sahələrini əhatə edir. Qarabağın bərpasına töhfə vermək üçün hakaton iştirakçılarının 50 saat ərzində hazırlayaraq münsiflərə təqdim etdiyi ən yaxşı həll variantı və ya prototiplər işğaldan azad olunmuş ərazilərdə də tətbiq olunacaq.

Festival dövrün çağırışına uyğun olaraq, Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına da töhfədir. “Teknofest” innovativ həllərlə çıxış edən Azərbaycan gəncləri üçün yerli və xarici investorlara yol tapmaq imkanıdır. Rəsmi məlumatlardan aydın olur ki, festivala qatılmaqla hətta dəyəri 1 milyard ABŞ dolları və ondan artıq olan startaplar reallaşdırmaq mümkündür. Bir sözlə, Azərbaycan və Türkiyə “Teknofest Azərbaycan”ın timsalında çox uğurlu platforma təqdim edir.

Könül Nurullayeva - Milli Məclisin deputatı
Xəbəri paylaş