Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Mərkəzinin və Petnjica şəhərindəki Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Petnjica bələdiyyəsində 28 may - Müstəqillik günü münasibətilə “AZƏRBAYCAN GÜNÜ” tədbiri keçirilib. Newscenter.az Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzinə istinadən xəbər verir ki, 28 may həm də Petnjica bələdiyyəsinə bələdiyyə statusunun qaytarılması günü olduğu üçün petnyitsaların da bayram günüdür.
Bələdiyyəyə səfər zamanı Petnjica Bələdiyyəsinin sədri cənab Samir Aqoviç, Bələdiyyə Parlamentinin sədri cənab Mehmet Adroviç və digər bələdiyyə rəsmiləri ilə görüş keçirilib. Petnjica ilə Azərbaycan şəhərlərindən birinin qardaşlaşması təklifi səsləndirilib. Bələdiyyənin iqtisadi və investisiya imkanları nəzərdən keçirilib.
Petnjica Bələdiyyəsindəki “25 may”, “Mahmud Adroviç” və “Qarışıq Orta İxtisas” məktəbləri ziyarət edilib. Məktəblərin müəllim-şagird heyəti ilə görüşlər keçirilib və Azərbaycan haqqında kitablar hədiyyə edilib.
Daha sonra Petnjica şəhərindəki Mədəniyyət Mərkəzinin tədbirlər salonunda Mərkəzin rəhbəri cənab Sinan Tiganyın təşkilatçılığı ilə Azərbaycana həsr edilmiş tədbir keçirilib. Tədbir Monteneqro və Azərbaycan himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri Petnjica bələdiyyəsinin sədri Samir Aqoviç açıb. Çıxışında “Azərbaycan və Monteneqronun dost ölkələr olduğunu, xalqlarımız arasında çoxlu bənzərliklərin mövcudluğunu, hər iki ölkənin müstəqilliyinə yenidən qovuşmaq üçün on illiklər mübarizə apardığını, Azərbaycanın Monteneqroya yalnız sözdə deyil əməldə dost olduğunu dəfələrlə nümayiş etdirdiyini qeyd edərək, dost Azərbaycan xalqına ən səmimi və dost salamlarının və təbriklərinin çatdırılmasını xahiş edib”.
Öz növbəsində Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə 28 may – Müstəqillik günü və Azərbaycan – Monteneqro əlaqələri haqqında ətraflı məlumat verdikdən sonra “Azərbaycan günü ” tədbirinə və Azərbaycan xalqına səmimi təbriklərə görə şəhər bələdiyyəsinin sədri Samir Aqoviçə, bələdiyyə çalışanlarına, Petnjica Mədəniyyət Mərkəzinin sədri Sinan Tiganya, Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzinin müşaviri Bojidar Proroçiçə, mədəniyyət proqramının təşkilatçıları və iştirakçılarına və əməyi keçənlərə təşəkkürlərini çatdırıb.
Daha sonra “Azərbaycan Günü ” tədbiri Berane və Petnjica şəhərlərinin folklor qruplarının ifaları ilə davam edib.