Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Qərbdən "inciyib"?

Zelenski Qərbdən "inciyib"?


“Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Qərb Ukraynadakı mənasız savaşa son vermək üçün çalışmalıdır. Bundan ötrü Rusiyaya daha sərt sanksiyalar tətbiq edilməlidir. Ukrayna müstəqil olaraq qalacaq. Sadəcə sual bunun nəyin bahasına olmasıdır”, - o söyləyib.

V.Zelenski həmçinin Avropa İttifaqını tənqid edib: “Avropa İttifaqı altıncı sanksiyalar paketini tətbiq etmək üçün daha neçə həftə gözləyəcək?! Rusiyaya təzyiq insanların həyatını xilas etmək deməkdir. Rusiyanı “sakitləşdirmək” üçün müxtəlif təkliflər isə sadəcə ukraynalıların öldürülməsinə səbəb olmaqdır".

Qeyd edək ki, Ukrayna lideri bundan əvvəl də Qərblə bağlı tənqidi fikirlər səsləndirmişdi.

Qərbin Ukraynanı dəstəklədiyi aşkardır. Əks halda Kiyev üç aydan çox müddət ərzində Moskvaya müqavimət göstərə bilməzdi. İkinci bir tərədən, əgər kollektiv Qərb Ukraynanı silahsız qoysa idi, rəsmi Kiyev indiyədək NATO ölkələrindən bu qədər çox dəstək istəməkdə davam etməzdi. Zelenski və digər rəsmilər başa düşərdilər ki, Qərbdən kömək gözləmək lazım deyil. Və, nəhayət, Ukraynanı silahlandırmaqla müharibənin uzanmasını təmin etmək və nəticədə Rusiyanı zəiflətmək Qərbin marağındadır.

Bu baxımdan Qərb Ukraynaya texnika göndərir. Yəqin ki, bu dəstək bundan sonra da davam edəcək və hətta daha da artacaq. Elə isə Ukrayna liderinin açıqlaması nəyə hesablanıb? Zelenski bu cür bəyanatla Qərblə münasibətlərini pisləşdirmək istəyərmi? Əlbəttə, yox.

Böyük ehtimalla bu barədə təlimat Qərbdən gəlib. NATO Baş katibi Yens Stoltenberqin dediyi kimi, Alyans konfliktdə iştirakçı olmaq niyyətində deyil. Ona görə də Zelenskinin dilindən belə açıqlamalar səsləndirməklə Ukraynanı lazımi qədər dəstəkləmədiklərini göstərmək istəyirlər. Başqa sözlə desək, ola bilsin, bu bəyanat “gözə kül üfürməkdir”.

İkinci bir tərəfdən, ehtimal var ki, bu açıqlama ilə NATO-nun Ukraynaya daha ciddi dəstəyi üçün zəmin yaransın. Yaxın gələcəkdə Alyansın Ukraynaya daha çox silah tədarükünün, hətta canlı qüvvə baxımından dəstəyinin şahidi ola bilərik.

Əlbəttə, sözügedən açıqlamanın Zelenskinin öz mövqeyi olması da mümkündür. Belə ki, Ukrayna lideri qurban olduğunu anlayır. Dövlət başçısı yaxşı başa düşür ki, müharibə uzandıqca Ukraynanın işi çətinləşəcək, dağıntılar artacaq. Çünki döyüşlər faktiki olaraq onun ölkəsinin ərazisində gedir. Bəlkə də, Zelenski artıq Qərb üçün mübarizə aparmaqdan yorulub. Ola bilsin, o, son bəyanatı ilə Qərbə etirazını bildirirdi. Demək istəyirdi ki, Rusiyanı zəiflətmək istəyirsinizsə, bunu mümkün qədər tez etməlisiniz. Bunun üçün də Kiyevə silah tədürükü kifayət həcmdə yox, maksimal səviyyədə olmalıdır.

Zelenski savaşın yaxın vaxtda başa çatmayacağını anlayır. O özü çıxışlarında buna işarə vurub. Bəlkə də, müharibənin uzanması heç də Ukrayna liderinin ürəyincə deyil. Amma ölkəsinin əraziləri işğal altında olduğuna görə döyüşləri davam etdirməyə məcburdur. Qərbin istədiyi də elə bu idi.

Mümkündür ki, Zelenski artıq mübarizə aparmaqdan yorulub və son çıxışı ilə bunu Qərbin nəzərinə çatdırmaq, bir az mübaliğə ilə desək, üsyan etmək istəyib.

Bütün hallarda dediyimiz kimi, yaxın günlərdə NATO- nun Ukraynaya dəstəyinin artması istisna deyil. Beləliklə, müharibənin yeni mərhələsi başlaya və Avropa İttifaqının rəsmilərinin həftələr əvvəl anonsunu verdiyi "Marşal planı" işə düşə bilər.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş