Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlılar Laçına köç edən təsərrüfat sahiblərinə süni əngəl yaradırlar

Sülhməramlılar Laçına köç edən təsərrüfat sahiblərinə süni əngəl yaradırlar


"Laçında rus sülhməramlılarının yaratdığı problem yurdlarımıza gedib-qayıdanlara ciddi mane olur. İki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların "müvəqqəti nəzarət zonası"ndan keçərkən bizi müşayiət edirdilər və kənardan maşınlarımıza baxırdılar.
Son vaxtlar isə maşınların hər yerinə baxmağa, yukləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar. Bunu hər iki istiqamətdə gedəndə edirlər".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Laçın rayon sakini Ərşad Hüseynov deyib ki, nəticədə insanlarımız xeyli vaxt itirirlər:

"Çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar. Yurdlarımıza heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib. Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyirlər. Bu səbəbdən itkilər (mal-qara və arıların tələf olması) də var. Düşünürəm ki, sülhməramlıların bu yeniliyi camaatımızın yurdlara dönüşünə süni əngəl yaratmaqdır. Ona görə də təcili surətdə dövlət qurumlarımız bunun qarşısını almalıdırlar".

Ərşad Hüseynov bildirib ki, sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur, ola da bilməz:

"Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zaonası"nı dayanmadan keçirlər. Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar".

Mehman
Xəbəri paylaş