"Palmali" Şirkətlər Qrupu bu gün şəhid Adil İbrahimlinin adını daşıyan gəminin ilk səfərə yola salınması münasibətilə növbəti tədbirini keçirib.
Newscenter.az şirkətə istinadən xəbər verir ki, bu məqsədlə Türkiyəyə dəvət edilən Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Adil İbrahimlinin atası Asəm İbrahimli və həyat yoldaşı Nargül İbrahimova azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun fəxri qonaqları olublar. "Palmali"nin baş ofisində onları qarşılayan M.Mənsimov ənənəvi olaraq Şəhid atasına və yoldaşına şirkətin xüsusi hədiyyələrini yəqdim edib. Daha sonra o, şəhidimizin ailə üzvləri ilə bərabər Yalova şəhərinə gələrək burada yerləşən tərsanədə gəminin yola salınması mərasimində iştirak edib. Qonaqları gəmi və gəmi kapitanı ilə tanış edən Mübariz Mənsimovun təlimatına əsasən, bütün gəmilərdə adını daşıdığı şəhidin şəkilləri ilə bəzədilmiş xüsusi guşə var. Şəkillərə baxdıqca şəhidimizlə bağlı xatirələr danışılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Son təlimatlarını kapitana verən Palmali rəhbəri onlara uğurlu yol arzulayaraq gəminin daşıdığı adın məsuliyyətini unutmamağa cağırıb. Qeyd edək ki, gəmi maye formalı maddələr daşımaq uçün nəzərdə tutulub. Dedveyt tutumu 7000 tona yaxın olan tankerin sənayedə misli-bərabəri yoxdur.
2020-ci il noyabrın 7-də Şuşada şəhid olan Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin həyat yoldaşı Nargül xanım isə bunları deyib: "Mən gəminin göyərtəsində Adilin şəkilinə baxaraq bir tək bunu düşünürdüm: Görəsən, Adil bu dəqiqə bizi görür?"...
Yaşından tez dolğunlaşan bu gənc qadın öz zərif ciynində əvvəlcə igid qardaşı Eltonu dəfn edib, 3 gün sonra isə həyat yoldaşı Adilin formasını geyinərək onu son mənzilə ciynində yola salıb. Böyük faciədir, amma, eyni zamanda, böyük bir qürurdur. Şəhidin atası Asəm İbrahimlinin xeyir-duasından sonra gəmi ilk səfərə - Ukraynaya doğru yola salınıb. Havanın yağışlı olmasına baxmayaraq, Adil İbrahimlini adını daşıyan gəmini yola salmağa gələn yalnız ailə üzvləri deyildi. Türkiyədə yaşayan və igidimizlə fəxr edən həmvətənlilərimiz də tədbirdə sonadək iştirak edərək böyük qürur hissi keçirdiklərini dilə gətiriblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Adil İbrahimli ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb. Şəhidimizin 2 övladı yadigar qalıb.
Mehman