Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Qaxax rayounun Bala Çaylı kəndinin ərazisində yerləşən və sayca 15-ci olan Çaylı kəhrizini və içməli su bölgüsü infrastrukturunu bərpa edərək yerli icmanın istifadəsinə verdi.
Newscenter.az xəbər verir ki, su sərfi 125 litr-saniyəyə bərabər olan kəhriz Bala Çaylı və Çaylı kəndlərində məskunlaşan 2577 ailəni (10 minə yaxın insan) suvarma və içməli su ilə təmin edəcəkdir.
Adı çəkilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiəyədək Ağdam, Goranboy və Qazax rayonları ərazisində 15 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
Sevinc