Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin Ali Sovetin sədri kimi Prezident səlahiyyətlərini icra etməyə başlaması xalqımıza nicat yolunu göstərdi

Heydər Əliyevin Ali Sovetin sədri kimi Prezident səlahiyyətlərini icra etməyə başlaması xalqımıza nicat yolunu göstərdi


Azərbaycanda vətəndaş müharibəsinin və müstəqilliyin itirilməsi təhlükəsinin labüd olduğu 1993-cü ilin may-iyun aylarında xalqımız Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdu. 1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev həmin gün parlamentin tarixi iclasında demişdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır.”
Ömrünün qalan hissəsini də xalqına xidmətə həsr edən Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsinə başlandı.

Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, milli iradənin təntənəsi və artıq ölkə həyatının bütün sahələrinin dövlətin nəzarəti altına götürülməsi demək idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələrinə yeni nəfəs gəldi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Ölkədə separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı.

Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun Milli Məclisdəki fəaliyyəti parlamentin üzvləri üçün yeni bir nümunə, əsl parlamentarizm məktəbi idi.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında dayanan strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi. Qısa müddətdə ölkəyə investisiya axını stimullaşdırıldı, müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olundu.

1993-cü ildən başlayaraq, ölkəmizdə müasir dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu.

Bu gün əminliklə deyə bilərik ki, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi ölkəmizi bir dövlət olaraq zamanın ağır və sərt sınaqlarından çıxarmış dahi sərkərdədir.

Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi həmişə yaşayacaqdır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş