Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Modul Tipli Xəstəxanasına baxış keçirilib

Şuşa Modul Tipli Xəstəxanasına baxış keçirilib


Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə keçirilən dinləməsi çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Şuşa Modul Tipli Xəstəxanasının tibb heyəti və iş şəraiti ilə tanış olublar.

Qeyd edək ki, Şuşa Modul Tipli Xəstəxanasında təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya şöbələri fəaliyyətdədir. Xəstəxanada TƏBİB-in Nərimanov Tibb Mərkəzinin işçi heyəti xidmət göstərir.

Newscenter.az xəbər verir ki, tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir.

Hazırda Şuşa Modul Tipli Xəstəxana 6 palatadan və 9 çarpayı yerindən ibarətdir.

Mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir.
Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur.

Vətəndaşlar burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tibb xidmətlərdən yararlana bilirlər.

Sevinc
Xəbəri paylaş