44 günlük Vətən müharibəsindən qalib kimi qayıdan qazimiz Elvin Cəfərovun özünü yandıraraq intihar etməsinə hamımız üzülürük. Bu acı olay hamımızı içdən sarsıtdı. Sabirabad icra hakimiyyətinin başçısı və əlaqədar şöbənin əməkdaşları bu qazimizi özünü öldürəcək həddə gətirib çıxaran problemləri vaxtında aradan qaldırmalıydılar. Axı dövlətimiz qazilərin və şəhid ailələrinin problemlərinin köklü şəkildə həlli üçün hər cürə imkanlar yaratmağa çalışır, kifayət qədər maliyyə vəsaiti də ayırır. Lakin əfsuslar olsun ki, bəzi dövlət qurumları, xüsusən də rayon icra hakimiyyətləri qazilərin, şəhid ailələrinin problemlərinə başdansovdu yanaşır və bununla da bu həssas təbəqəni sanki məqsədyönlü şəkildə narazı qüvvəyə çevirir, dövlətlə onların arasında uçurum yaradırlar. Artıq 36 qazimiz öz həyatına qəsd edib. Bu, cəmiyyətə də, dövlətə də ağır zərbədir.
Çox təəssüf ki, qazilərin, şəhid ailələrinin narazılığından öz çirkin məqsədləri üçün istifadə etməyə çalışan ictimai-siyasi qüvvələrin, təsir agentlərinin, sensasiya həvəskarlarının ortaya çıxdığını görürük. Onlar qazilərin intihar etməsi faktlarını süni surətdə siyasiləşdirməyə, eləcə də 44 günlük müharibədə qazandığımız Qələbəmizə kölgə salmağa, insanlarımızın vətənpərvərlik hisslərini zəiflətməyə, cəmiyyətdə ruh düşkünlüyü yaratmağa çalışırlar. Bəzi siyasi fürsətçilər isə hətta kütləvi etiraz aksiyalarının keçirilməsi üçün də çağırışlar edirlər. Bütün bunlar arzuolunmaz hallardır. Qaziləri siyasi maraqlar üçün alətə çevirmək olmaz. Baş vermiş intihar faciəsindən siyasi xal qazanmaq üçün istifadə etmək cəhdləri mənəvi-siyasi dəyərlərimizə ziddir.
Hesab edirik ki, qazilərlə bağlı yığılıb qalmış məsələləri sosial-hüquqi müstəvidə təcili surətdə yoluna qoymaq mümkündür. Qazi intiharlarının bundan sonra təkrarlanmaması üçün indiyə qədər baş vermiş bütün intihar faktlarının səbəbləri ciddi surətdə araşdırılmalı, digər qazilərimizin eyni səbəblərlə üzləşməsinin qarşısı alınmalı, qazilərin intihar həddinə çatdırılmasında günahı olan vəzifəli şəxslər qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır.
Eyni zamanda müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin problemlərinin həlli ilə məşğul olmaq səlahiyyəti rayon icra hakimiyyətlərindən və digər qurumlardan alınmalıdır. Bu sahədə pərakəndəlilik aradan qaldırılmalıdır. Bu problemləri çevik və effektiv surətdə həll edəcək gücə və səlahiyyətlərə malik ayrıca dövlət qurumu yaradılmalıdır. Sistemlilik, mütəşəkkillik və səmərəlilik təmin edilməlidir. Qazilərin bu və ya digər sənədlərin toplanması üçün qapı-qapı düşüb gəzmələrinə və süründürməçilik halları ilə üzləşmələrinə son qoyulmalıdır.
Bir sözlə, hamımız qazilərimizə qucaq açmalıyıq. Qazilər həm dövlət qurumlarının, həm də cəmiyyətin qayğısını, diqqətini hiss etdikdə intihara cəhd meylləri də aradan qalxacaq. Biz 44 günlük Vətən müharibəsində düşmənə və dünyaya nümayiş etdirdiyimiz milli birliyi, həmrəyliyi bundan sonra da qoruyub saxlamağı bacarmalıyıq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri