Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci il iyunun 30-a ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025.1 milyon ABŞ dolları) nisbətən 0.63% artaraq 45 306.8 milyon ABŞ dolları təşkil etmişdir.
Newscenter.az-a Fonddan bildirilib ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 935.2 milyon manat, büdcə xərcləri isə 4 663.2 manat təşkil etmişdir.
2022-ci ilin ilk yarımili ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 369.2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 588.6 milyon manat, bonus ödənişləri 768.7 milyon manat, tranzit gəlirləri 7.2 milyon manat, akrhesabı ödənişlər 4.7 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 4 648.0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4.2 milyon manat yönəldilmişdir. 2022-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11.0 milyon manat təşkil etmişdir.
Ötən yarım il ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 3 434.0 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 793.3 milyon manat təşkil etmişdir.
Hal-hazırda dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-nin investisiya portfelinə təsirsiz ötüşmür. Belə ki, qlobal iqtisadi artımda olduqca ciddi yavaşlama, uzun zamandan bəri kifayət qədər aşağı inflyasiya göstəriciləri ilə xarakterizə olunan inkişaf etmiş ölkələrdə son qırx ilin ən yüksək qiymət artımının qeydə alınması, o cümlədən geo-siyasi böhranın daha da dərinləşməsi, habelə pandemiya sonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi və Çində sərt məhdudiyyətlər fonunda qlobal maliyyə bazarlarında kəskin dalğalanmalar müşahidə olunmaqdadır. Daha əvvəllər də qeyd edildiyi kimi, beynəlxalq maliyyə bazarları qlobal iqtisadiyyatın güzgüsüdur və bu qədər qeyri-müəyyənliyin yaşandığı bir dövrdə maliyyə bazarlarının da analoji reaksiyası labüd bir haldır. Nəticə etibarilə ABŞ-də cari ilin ilk rübündə iqtisadi artımda geriləmə, Avrozona və Böyük Britaniya kimi region və ölkələrdə olduqca cüzi iqtisadi artım, çox yüksək inflyasiya meylləri, habelə mərkəzi bankların yürütdüyü qeyri-tarazlı sərt monetar siyasət qeyri-ənənəvi bir hal olan və tarixdə çox nadir hallarda rast gəlinən həm qlobal səhm, həm də istiqraz indekslərinin dəyərlərində kəskin enmə və valyuta məzənnələrində çox ciddi dəyişkənlik müşahidə olunmuşdur. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti mənfi fərq kimi öz əksini tapmaqdadır.
Sevinc