Son bir həftədə dünyada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı 6,5 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon nəfər çoxdur.
“Report” xəbər verir ki, bu, TASS-ın hesablamalarına əsasən məlum olub. Koronavirusa yoluxma halları aprel ayının əvvəlində qeydə alınmış səviyyəyə yüksəlib.
Qeyd edilir ki, koronavirusdan ölüm hallarında da kəskin artım var. Son 7 gündə dünyada əvvəlki həftələrlə müqayisədə bir yarım dəfə çox insan ölüb.
Avropada yoluxma hallarında növbəti artım prosesi davam edir. Ən yüksək göstəricilər hazırda gündə 140 mindən çox hadisənin qeydə alındığı Almaniyadadır ki, bu da martın sonundan bu günə kimi ölkə üçün maksimumdur. Eyni zamanda, ötən həftə regionda xəstələnmə hallarına görə birinci yerdə olan Fransada indi cüzi azalma müşahidə olunur – koronavirus 120 min nəfər insanda qeydə alınıb. İtaliyada da göstəricilər təxminən eyni səviyyədədir.
Bir sıra Asiya ölkələrinin səlahiyyətliləri də yeni, COVID-19 pandemiyasının yeddinci dalğasından danışırlar. Belə ki, Yaponiyada son günlərdə 100 mindən çox yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın bütün dövrü üçün ən yüksək göstəricilərdən biridir. Ötən həftə ilə müqayisədə artım demək olar ki, iki dəfə artıb.
Gündə 40 min yoluxma halının qeydə alındığı Cənubi Koreyada da yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur. Eyni zamanda Hindistanda artım sayı azalıb - ölkədə ikinci həftədir 20 minə yaxın insan koronavirusa yoluxur.