Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Azərbaycan bir sıra sahələrdə qarşısına qoyduğu məqsədlərə çatmış ölkədir”

Jalə Əhmədova: “Azərbaycan bir sıra sahələrdə qarşısına qoyduğu məqsədlərə çatmış ölkədir”


İyulun 15-də Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında ölkəmizin cari ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlərə bir daha nəzər saldı. Cənab Prezident bildirdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.

Ölkə başçısı ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına diqqət çəkərək, Qoşulmama Hərəkatındakı uğurları xüsusi qeyd etdi. Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər bir il də uzadılması, Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfəsi olaraq bu nüfuzlu qurumun Parlament Şəbəkəsinin yaradılması və Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı mühüm əhəmiyyətə malikdir.
Bundan başqa, Avropa İttifaqı ilə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığımız inkişaf edir. Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin.

Cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, hələlik real nəticə yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Ölkəmizin təşəbbüsü ilə baş tutmuş delimitasiya üzrə işçi qruplarının birinci görüşünün keçirilməsi müsbət addımdır.

Ötən altı ay ərzində ölkəmizdə hərbi sahədə də islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb, yeni silahlı birləşmələr yaradılıb. Yeni müqavilələr imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq.

Azərbaycanda hərbçilərin sosial müdafiəsi məsələləri də diqqət mərkəzindədir və yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və s. yaradılıb. Hazırda Azərbaycan Qarabağı və Zəngəzuru öz vəsaiti və imkanları ilə yenidən qurur.
Bu il ölkəmizdə orta əməkhaqqı da 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi dövlət büdcəmizdir. Büdcəmizin artması təkcə neftin qiymətinin artması nəticəsində deyil, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur.

İqtisadi sahədə altı ayda görülmüş işlər aparılan islahatların nəticəsidir. İqtisadiyyatımız 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır.

Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə də işlər planlı şəkildə aparılır. Uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin. Hazırda xarici investorlar öz vəsaitləri hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldurlar.

Ötən bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. Avropa tərəfindən Azərbaycana Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi üzrə yeni layihə təqdim edilib və ölkəmiz bu layihəyə maraq göstərir.

Bizim qaz ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından da qaz hasilatı gözlənilir.
Ölkəmizdə nəqliyyat sahəsində də inkişaf müşahidə olunur. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır.

İşğaldan azad olunmuş ərazilərimizdə də işlər planlı şəkildə aparılır. Artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib.
Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı, ərzaq təhlükəsizliyi də vacib məsələlərdəndir. Ona görə də həm azad edilmiş torpaqlarımızda, həm də ölkəmizin digər yerlərində təqribən 100 min hektarda buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir. Azad edilmiş ərazilərimizdə böyük su anbarlarının və su kanallarının tikintisi də içməli su və suvarma məsələlərini təmin etmək məqsədi daşıyır.
Bütün bu deyilən nailiyyətlər deməyə əsas verir ki, son illər ərzində aparılmış işlərlə Azərbaycan əsas məqsədlərə çatmışdır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatları bu nailiyyətlərimizin sübutudur.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş