İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniçlə görüşüb.
Newscenter.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədri Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında məlumat verib. Bildirilib ki, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir və insanlar öz dini etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirirlər. Azərbaycanda müxtəlif dini konfessiyalar arasında hökm sürən, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da möhkəmlənməsi və inkişaf etdirilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət mühüm rol oynayır.
Azərbaycanlılar ilə yəhudilərin birgəyaşayış tarixinin yüzilliklərə söykəndiyini, ölkəmizdə yaşayan yəhudilərin respublikanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərdiyini vurğulayan M. Qurbanlı yəhudi dini icmalarına göstərilən diqqət və qayğıya toxunub. Fərqli mədəniyyətləri və dini irsi qoruyub saxlamağın dövlətin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdıran Komitə sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sinaqoqların təmir və bərpasına öz töhfəsini verdiyini qeyd edib. Hazırda ölkəmizdə yəhudilərə məxsus 7 sinaqoq, 8 dini icmanın fəaliyyət göstərdiyini, yəhudi dini icmalarına hər il dövlət büdcəsindən maliyyə yardımı ayrıldığını bildirib.
Ölkəmizə səfərindən məmnunluqla danışan Qadi Qroniç qeyd edib ki, Azərbaycan dünyada dini etiqad azadlığının təmin edildiyi azasaylı ölkələrdən biridir. Respublikamızda dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradılıb və Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə nümunə ola biləcək bir ölkədir. Avropada multikulturalizm ideyasında məqsəd müəyyənləşdirilsə də, ona yönəlik yollar düzgün təyin edilməyib. Bu baxımdan müasir dünyamızda mədəniyyətlərarası dialoqun təbliğinin və Azərbaycanın simasında dini tolerantlıq və birgəyaşayışın unikal modelinin təşviqi mühüm əhəmiyyət kəsb edir.
Səmimi şəraitdə keçən görüş zamanı müvafiq qurumlar arasında qarşılıqlı əlaqələrin qurulması və birgə tədbirlərin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Mehman