2021-2022-ci tədris ili üzrə “Məktəb hesabatları”nın dinlənilməsinin növbəti sessiyaları Xətai, Suraxanı, Nizami, Xəzər, Pirallahı və Sabunçu rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.
Newscenter.az xəbər verir ki, dinləmələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ümumi sektorun müdiri Sevinc Rəsulova, Təminat və Təchizat sektorunun müdiri Səccət Mahmudov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər.
Paytaxtdakı 327 və 96 nömrəli tam orta məktəblərdə təşkil olunmuş dinləmələrdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən, eləcə də 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər üzrə görülən işlərdən bəhs edib. Ötən dərs ilinin nəticələrinin təhlili zamanı qarşıya çıxan məsələlərə diqqətin artırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirən idarə müdiri ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsinin, həmçinin məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi, məktəblərin ictimai nüfuzunun artırılması məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib.
İdarə müdiri dərs ilinin yekunları ilə bağlı görülən işlərə, ümumi fəaliyyətə, nəticələrə nəzər salmağın, müvafiq peşəkar təhlillər aparmağın zəruriliyini bildirib.
Diqqətə çatdırıb ki, "Məktəb hesabatları" problemlərin aradan qaldırılmasına, perspektiv inkişaf yolunun, daha düzgün hədəflərin müəyyənləşdirilməsinə, məktəblərdə daha səmərəli tədris mühitinin formalaşdırılmasına, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulmasına, təhsil müəssisələrində sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılmasına imkan verir.
Məktəb-valideyn, müəllim-şagird münasibətlərinin sivil formada tənzimlənməsinin, qarşılıqlı əməkdaşlığa əsaslanan atmosferin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyən M.Vəliyeva buraxılış imtahanlarının nəticələri, istedadlı uşaqlarla iş, məktəbdaxili monitorinq sisteminin qurulması və digər mövzulara toxunub.
Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev Xətai, Suraxanı, Nizami, Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin, həmçinin olimpiada və müsabiqələrin nəticələrinin təhlilinə, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə ümumi təhsil məktəblərində IV və IX siniflərdə keçirilən monitorinq və buraxılış imtahanlarının nəticələrinə aid təqdimatla çıxış ediblər. Şagird kontingentinin ümumi dəyərləndirilməsinin vacibliyindən, orta və zəif nəticələri olan şagirdlərlə xüsusi yanaşma əsasında sistemli iş aparılmasından, standartların reallaşdırılmasından danışan sektor müdirləri yekun təhlilləri gələcək addımlara daha optimal baxış üçün tədqiqat kimi səciyyələndiriblər.
Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov isə məktəblərin təmir, tikinti və təchizat məsələləri barədə danışıb.
Müzakirələrdə ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəblərdə tərbiyə işinin təşkili, keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması və digər müvafiq mövzularda fikirlər dinlənilib, təklif və tövsiyələr səsləndirilib, maraq doğuran məsələlərə dair suallar cavablandırılıb.
R.Mehdiyeva