Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 16-dək ölkə üzrə 331719 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 35.2 faizini, bişin başa çatmış ərazilərin isə 41 faizini təşkil edir.
Newscenter.az KTN-ə istinadən xəbər verir ki biçilmiş sahələrdə ən şox yay şumu Neftçala (84.4%), Kürdəmir (74.4%), Ucar (63.7%), İsmayıllı (60.9%), Bərdə (60,6%) və Şabran (60,5%) rayonlarında aparılıb.
Qeyd edək ki, mineral gübrələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan tələbatını ödəyir və buna görə də, müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz əkilir. Belə hallarda taxıldan sonra yenə taxıl əkiləcək sahənin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanmalıdır. Bu əməliyyat adətən torpaqda olan nəmliyin saxlanması və alaq cücərtilərinin məhv edilməsi məqsədilə aparılır. Lakin Azərbaycanda suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi özünü doğrultmur. Əksinə, quru torpaqda aparılan üzləmə onu bir daha da qurudur və strukturunu pozur, nəticədə əsas şumun aparılması da gecikir. Gec aparılmış şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa alətlərlə yenidən becərmək lazım gəlir. Ona görə də taxıldan sonra sahənin taxıl üçün hazırlanması zəmi biçilən kimi torpağı dərhal laydırlı kotanla 25-30 sm dərinlikdə şumlamaq məsləhətdir.
Dəmyə şəraitdə isə 6-8 sm dərinlikdə üzləmə yaxşı nəticə verir.
Yay şumundan sonra növbəti taxıl səpininə üç-dörd ay vaxt qalır. Bu müddətdə yay şumunu bir neçə dəfə diskli alətlə becərməklə onu normal hala gətirmək olur. Belə ki, bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna bir növ torpağın yarımherik üsulu ilə becərilməsi deyilir.
Payızda qaldırılmış şumda isə becərməyə vaxt az qaldığından keyfiyyətli becərmə aparmaq müəyyən qədər çətin olur. Ona görə də payız şumuna nisbətən yay şumu böyük üstünlüyə malikdir.
Yay şumu davam edir.
Sevinc