“Əvvəla, dünyada Londondakı aktı törətmiş qrupa bənzər qruplaşmalar onlarladır. Onlar müxtəlif təriqət və məzhəblərə xidmət edir, özlərinə uyğun müxtəlif hansısa dinə bənzər modellər yaradırlar... İkincisi də, əldə olan informasiyalar əsasında belə nəticəyə gəlirəm ki, bəhs edilən radikal qrupun London səfirliyimizdə törətdiyi təxribatın birbaşa Azərbaycana aidiyyatı yoxdur. Sadəcə, o qrupun məqsədi ondan ibarət olub ki, bu və ya digər üsulla özlərinə diqqət cəlb etsinlər və gündəmdə qalsınlar”.
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas, dünya çempionu Güloğlan Cabbarlı səsləndirib. O bildirib ki, London şəhərində səfirliyimizə edilən hücum hər şeydən əvvəl Diplomatik fəaliyyətin tənzimlənməsi üzrə Vyana Konvensiyasının pozulmasıdır:
"London polisinin müdaxiləsi və səfirliyə qarşı vandalizm hərəkətləri törətmiş şəxslərin saxlanılması. Böyük Britaniya tərəfindən Konvensiyanın şərtlərinə uyğun olaraq müvafiq addımların atıldığını göstərir. Lakin hücum faktının özü bir sıra ehtimallar yaradır ki, onların araşdırılması üçün bu fakt üzrə Azərbaycan və Böyük Britaniya hüquq-mühafizə orqanlarının birgə çalışmasına ehtiyac var. İlkin məlumatlara görə səfirliyimizə hücum özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikal qurumun üzvləri tərəfindən həyata keçirilib. Böyük Britaniyada bütün müsəlman dövlətlərinin səfirliyinin mövcud olması şəraitində bu qurumun niyə məhz Azərbaycan səfirliyinə hücum etməsi sual doğurur. Digər tərəfdən, bu hücumun Qarabağ ərazisində qeyri-qanuni yerləşən Ermənistan hərbiçiləri tərəfindən törədilmiş qanlı insidentdən dərhal sonra baş verməsi ehtimal yaradır ki, bu hücum beynəlxalq səviyyədə Azərbaycana qarşı hansısa məkrli bir təxribat planının tərkib hissəsi ola bilər. Bu hadisələrdə qarşılıqlı əlaqənin olub-olmadığı araşdırılmalıdır".
Onun sözlərinə görə, buradan belə bir ehtimal da yaranır ki, ölkə xaricində səfirliyimizə hücum edən qruplaşmanın ölkə daxilində hansısa marginal qruplarla işbirliyi mövcuddur:
"Əks halda həmin qrup üçün bu hücumun heç bir mənası olmazdı. Bu hücumun hansı qüvvələr tərəfindən nəyə və kimə qarşı mesaj olduğunun aydınlaşdırılmasına ehtiyac var. Biz onu da başa düşməliyik ki, bu və ya digər diplomatik missiyanın təhlükəsizliyini ölkə təmin etməlidir. O da çox maraqlıdır ki, belə bir radikal qrup Britaniya təhlükəsizlik xidmətlərinin diqqətindən kənarda qalıb. Yaxud ona nəzarət lazımi səviyyədə olmayıb. Əgər normal nəzarət olsaydı, hadisə baş vermədən öncə hücumu hazırlayan şəxslər zərərsizləşdirilərdi. Üçüncü məsələ ondan ibarətdir ki, son dövrlər Britaniyada radikal qrupların iştirakıyla müxtəlif ölkələrə qarşı bənzər olaylar mütəmadi baş verir. Odur ki, Azərbaycan və digər ölkələr belə insidentlərlə bağlı iradlarını ilk növbədə Britaniyanın təhlükəsizlik sisteminə bildirməlidir. Xüsusi xidmət qurumları ölkədə bu cür təhlükəsizlik boşluqları yaratmamalıdırlar ki, radikal ünsürlər bundan istifadə etsin. Yəni Azərbaycan səfirliyinə qarşı bəhs edilən insident də məhz belə təhlükəsizlik boşluqlarının nəticəsi olub” Londonakı diplomatlarımızın konkret situasiyadakı davranışını da dəyərləndirib".
O ki qaldı konkret Azərbaycanın diplomatik missiyalarının təhlükəsizliyinin təmin olunmasına, Güloğlan Cabbarlı hesab edir ki, bu, müxtəlif ölkələrdə müxtəlif cür təmin olunur:
"Və hesab edirəm ki, Azərbaycan diplomatları beynəlxalq təcrübəyə, Vena konvensiyasının uyğun olaraq ilk növbədə dərhal Britaniya polisinə xəbər veriblər və özləri də təlimata uyğun davranıblar. İnternet saytları və sosial şəbəkələrdə belə fikirlər də paylaşılır ki, diplomatlar gərək ərazini müdafiə edəydilər, silah tətbiq etməliydilər. Bu, bir az populist baxışlardır. Çünki bu cür hərəkətlərin diplomatiya, beynəlxalq reaksiya baxımından hansı fəsadlar verə biləcəyini hadisəni törədən radikal qruplaşma da nəzərə ala bilərdi. Odur ki, bir daha Londondakı diplomatlarımızın təlimata uyğun hərəkət etmələrini təqdirəlayiq hesab edirəm. Əminəm ki, zəruri xidməti araşdırma aparılacaq və lazımi qərarlar qəbul olunacaq” 30 illik müstəqillik tariximizdə dəfələrlə üzləşdiyimiz təhdid, terror və təxribat hadisələrinə qarşı Azərbaycan dövlətində kifayət qədər siyasi və hərbi immunitet formalaşıb və istənilən halda belə cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Son 30 ildə qazandığımız iki ən böyük qələbəni müstəqilliyimizi və Vətən müharibəsindəki qələbəmizi heç kimə və heç nəyə güzəştə getməyəcəyik. Çünki bu qələbələr xalqımızın qanı bahasına qazanılıb və qanımızla-canımızla da qoruyacağıq. Bunu hamı bilməlidir – ölkənin daxilində də, xaricində də. Qarabağdakı qələbədən sonra qarşımızda duran ən mühim vəzifələrdən biri dini təhlükəsizliyimizin təmin edilməsi, radikal qrupların fəaliyyətinin qarşısının alınmasıdır".
Güloğlan Cabbarlı onu da bildirib ki, bu gün dövlət sözügedən istiqamətdə müvafiq addımlar atır:
"Ancaq hesab edirəm ki, daha çevik, operativ, surətli, həm dini təhsil, həm dini məsələlərin idarə edilməsi sahəsində ciddi tədbirlərin görülməsinə ehtiyac var. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda da müəyyən radikal qruplar var və bu gün dövlət onlara qarşı ciddi tədbirlər görməkdədir. Ancaq maksimum dərəcədə həm inzibati tədbirlər, həm maarifləndirmə tədbirləri sürətli formada həyata keçirilməlidir. Eyni zamanda, Azərbaycandakı dini duruma kənar təsirlərin qarşısı alınmalıdır. Bu reallıqdır ki, Azərbaycandakı dini duruma xarici dövlətlərin təsir etmə imkanları mövcuddur və zaman-zaman onlar bu imkanlardan bəhrələnərək ölkəmizə hansısa mesaj verməyə, siqnallar ötürməyə çalışırlar”.
Mehman