Radikalizmlə və ekstremizmlə sərt mübarizə Azərbaycanın əsas prioritet sahələrindən biri olmuşdur. Məlumdur ki, hələ ötən əsrin əvvəllərindən ölkəmiz erməni terroru ilə üzləşmiş, Azərbaycanın ərazisində erməni terrorçu qrupları terror və təxribatlar həyata keçirmişlər. Təəssüf ki, Azərbaycandakı multikultural və tolerant mühitdən millətçilik və dini zəmində ayrı-ayrı radikal qruplar istifadə etməyə çalışsa da, Azərbaycan dövlətinin təhlükəsizliyinin təmini və radikal qruplarla apardığı sərt mübarizə məhz bu cərəyanların ölkəmizdə geniş vüsət almasına imkan verməmişdir. Bu gün də bu sahədə ardıcıl iş aparılır və tam əminliklə demək olar ki, dini və etnik zəmində hər hansı qarşıdurma mövcud deyildir. Tam əksinə Azərbaycan müxtəlif dinlərin və konfessiyaların dialoq və anlaşma şəraitində yaşadığı nadir ölkələrdəndir. Əhalinin əksəriyyəti İslam dininə azad şəkildə etiqad edir, ölkədə dini azadlıqlar mövcuddur və dövlətlə din arasında qarşılıqlı anlaşma və inam mövcuddur.
Təbii ki, təhlükəsizlik yalnız ölkənin daxili ilə məhdudlaşmır və xaricdə yaranan müxtəlif radikal qruplar öz maraqlarını və siyasi ambisiyalarını həyata keçirmək üçün dindən alət kimi istifadə edirlər. Azərbaycanın xüsusi xidmət və hüquq mühafizə orqanlarının apardığı geniş profilaktik və əməliyyat tədbirləri nəticəsində bu cür radikal qrupların fəaliyyəti öncədən təsbit edilərək ölkəmizə nüfuz etməsinin qarşısı alınmışdır. Buna missal olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin son illərdə həyata keçirdiyi uğurlu əməliyyatları və Suriyada qanunsuz hərbi birləşmələrdə xidmət edərək Azərbaycana dönən vətəndaşların müəyyən olunaraq məsuliyyətə cəlb olunmasını misal göstərmək olar. Təbii ki, bütün bunlar xüsusi xidmət orqanlarının müxtəlif radikal qruplarla mübarizədə apardığı effektiv və amansız mübarizəni və bu sahədə əməliyyat şəraitinə tam nəzarəti həyata keçirməsini göstərir.
Əslində bir müsəlman ölkəsi və yerləşdiyi coğrafi mövqe baxımından Azərbaycanda müxtəlif təriqətlərin və radikal qrupların fəal şəkildə əl qol açmasının nəzəri baxımdan daha çox mümkün olmasını qəbul etmək olardı, əgər yuxarıda qeyd olunan önləyici tədbirlər olmasaydı. DTX və digər aidiyyatı qurumların keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində məhz xarici ölkə səfirliklərinə qarşı dəfələrlə hazırlanan terror aktlarının qarşısı öncədən alınmış və bunu təşkil edən radikal qruplar zərərsizləşdirilmişdir.
Azərbaycanda ictimai asayiş və xarici ölkələrin nümayəndəliklərinin və diplomatik korpusların mühafizəsi ən yüksək səviyyədə təmin olunur. Məhz bunu nəzərə alaraq aparıcı qərb dövlətləri, başda ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Aİ ölkələri öz hesabatlarında Azərbaycanı radikal ekstremist qruplarla mübarizədə nümunəvi və ən təhlükəsiz ölkə kimi göstərmişlər.
Xüsusən 11 Sentyabr 2001-ci il terror aktından və ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsindən sonra dünyada sözügedən dini ekstremist və radikal qrupların sayı artmış və sivil dünyaya təhdid yaratmağa başlamışdır. Dəfələrlə bu radikal qruplar Azərbaycanda terror aktları törədəcəyini və ABŞ-ın və digər Avropa ölkələrinin səfirliklərinə terror hücumları təşkil edəcəklərini bəyat etsələr də, hər zaman ayıq sayıq olan Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları bu cür hərəkətlərin qarşısını qətiyyətlə almışlar. Bu radikal qruplar çox yaxşı anlayır ki, onlar Azərbaycan ərazisində hər hansı pozuculuq fəaliyyəti, üçüncü ölkənin vətəndaşına və ya diplomatik nümayəndəliyə hücum təşkil edə bilməzlər. Azərbaycan həm beynəlxalq miqyasda terrorçuluqla mübarizədə fəal iştirak edən dövlət olaraq etibarlı tərəfdaşa çevrilmişdir və ABŞ Prezidenti başda olmaqla əksər dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktublarda bu məqamı xüsusi qeyd etmişlər.
Şübhəsiz ki, bundan sonra da Azərbaycan dövləti radikal və ekstremist qruplarla mübarizəni davam etdirəcək və radikalizmlə mübarizəyə həm yerli, həm də beynəlxalq səviyyədə öz töhfəsini verəcəkdir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyinin binasına radikal qrup tərəfindən edilən hücum və vandallıq aktı göstərdi ki, bütün dövlətlər, xüsusən özünü terrorçuluqla mübarizədə aparıcı dövlət elan etmiş qərb dövlətləri 1961-ci ildə qəbul edilmiş Vyana konvensiyasından irəli gələrək öz ərazisində yerləşən diplomatik nümayəndəliklərin mühafizəsini daha effektiv təşkil etməli, səfirlik və konsulluq ərazisinə kənar şəxslərin və müdaxilələrin qarşısı yerindəcə alınmalı və bu hərəkətləri edən şəxslər sərt cəzalandırılmalıdır. Azərbaycan bayrağına qarşı edilən bu hərəkət dövlətə və xalqa qarşı edilən ən böyük hörmətsizlikdir və bunu edən şəxslər məsuliyyətə cəlb olunmalı və qanun qarşısında cavab verməlidir.
Vüqar Əhmədov-politoloq