Son günlər regionda baş verən mühüm siyasi proseslər yaxın dost və strateji tərəfdaş ölkələr olan Azərbaycan və İsrail münasibətlərində də yeni reallıqların yaranmasını meydana çıxarıb.
Əsrlər boyu ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan yəhudilər cəmiyyətimizə böyük töhfələr verib, milli rəngarəngliyimizi zənginləşdirib, regionda birgəyaşayış mədəniyyətinin nümunəsini nümayiş etdiriblər. Eyni zamanda, vaxtilə ölkəmizdə yaşamış, hazırda İsraildə məskunlaşmış yəhudi icması ölkələrimiz arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir, onlar faktiki olaraq Azərbaycanın İsraildə rəsmi nümayəndəliyi funksiyasını yerinə yetirirlər.
Bu gün, eyni zamanda, dünyada və regionda baş verən proseslər, müasir çağırışlar və Azərbaycan-İsrail münasibətlərinin strateji tərəfdaşlıq zirvəsinə qalxması Qüdsdə Azərbaycan səfirliyinin açılmasını labüd edir.
Ona görə də, İsrailin paytaxtında qısa bir müddətdə Azərbaycanın diplomatik yurisdiksiyası fəaliyyətə başlamalı, üçrəngli bayrağımız dalğalanmalıdır.
Eləcə də İsraillin diplomatik korpusunun nümayəndələrinin müntəzəm şəkildə 30 min yəhudinin yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsi ilə sıx təmasları, bu bölgədə yaşayan icma ilə birgə ictimai-humanitar tədbirlər və layihələr həyata keçirməsi, digər mühüm amillər Quba şəhərində İsrailin Konsulluğunun açılmasını da tarixi zərurətə çevirib.
Bu günlərdə İsraildə keçirilən parlament seçkilərində Binyamin Netanyahunun rəhbəri olduğu “Likud” partiyası səslərin böyük hissəsini qazanıb və indiyədək 2 dəfə Hökumətə başçılıq etmiş Netanyahunun yenidən Baş nazir olacağı istisna deyil. Prezident İlham Əliyevlə Netanyahu arasında çox səmimi dost münasibətləri mövcuddur və onun yeni hökumət başçısı seçilməsi Azərbaycan və İsrail arasında siyasi-diplomatik müstəvidə yeni siyasi xəttin cızılmasına, ictimai-siyasi və hərbi əməkdaşlıqda yeni səhifə açılmasına səbəb olacaq.
Yeri gəlmişkən, İsrailin Azərbaycandakı səfiri Corc Dik”Təbrizin sehrli nağılları” kitabını mütailə etməsi bizim qədim və müasir dövlətçilik tariximizə olan dərin hörmətin ifadəsidir.
Təxminən bir ay əvvəl, İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycanda rəsmi səfərdə olarakən Cənab Prezident İlham Əliyevlə görüş zamanı bildirib ki, Azərbaycanla İsrail arasında hərbi-texniki sahələrdə yeni əməkdaşlıq perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislərin hazırlanması səviyyəsində işçi görüşlərin təşkilini planlaşdırırıq.
Hesab edirəm ki, İsrail-Azərbaycan Ali Hərbi Məktəbi qısa zamanda qurulmalıdır. Necə ki, Sovet İttifaqı dövründə Yəhudi Soçnut məktəbi 1982-ci ildə məhz Bakıda açılıb. İndiki şəraitdə də İsrailin ən nüfuzlu Hərbi Tədris Mərkəzi Azərbaycanda qurulmalıdır.
2009-cu ildə İsrail Prezidenti Şimon Peres Azərbaycana səfəri zamanı İsrailin “Aeronautics Defence Systems” şirkətinin Bakıda zavod inşa edəcəyini elan etmişdi. Belə bir Hərbi Zavod da təxiəsalınmadan fəaliyyətə başlamalıdır.
Həmçinin, 2016-cı ilin dekabrında hava sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İsrail hökumətlərarası müqaviləsi imzalanıb. Həmin müqaviləyə uyğun olaraq Birgə Hərbi Aviasiya və Hava Hücumindan Müdafiə Sistemləri qurulmalıdır.
İsrail və Azərbaycan Şahinlərinin qardaş Türkiyə ilə birgə hərbi təlimləri təşkil olunmalı, Zəngəzur Səmasında, Araz çayının üzərində İsrail-Azərbaycan təyyarələri uçuş manevrlərini nümayiş etdirməlidir. Bu gün qardaş Türkiyə ilə İsrail arasında ənənəvi dostluq münasibətlərinin bərpası Azərbaycan da daxil olmaqla bölgədə Üçlük Formatının yaranmasını qaçılmaz edir.
Son 2 ildə baş verənlər Azərbaycanın əsil həqiqi dost və düşmənlərini üzə çıxardı. Ermənistan kimi terrorçu dövlətlə yanaşı, cənub sərhədlərimizdə dövlətçiliyimizə qarşı təxribatlar hazırlayan farz faşizminin siması da bəllidir. Ona görə də, hər iki istiqamətdə sərhədlərimizi möhkəmləndirməli, Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərəncamında olan İsrailin “Sky Striker” dronlarının sayını artırmalı, Cənub bölgəsində, Araz Vadisində hərbi-kəşfiyat işlərini gücləndirməliyik.
Araz çayı hüdudlarında Azərbaycan-Türkiyə-İsrail hərbi təlimləri keçirilməlidir.
Sonda seçkilərdə qalib gəlmiş Binyamin Netanyahunun yeni hökumət kabinetinə rəhbərlik etməsi münasibətlilə təbriklərimi çatdırır, Azərbaycan və İsrail arasında yeni siyasi münasibətlərdə müasir reallıqlar şəraitində tamamilə yeni üfüqlər açacağına inanıram.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki