Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan həqiqətləri Səmərqənd Zirvəsinin əsas gündəliyində

Azərbaycan həqiqətləri Səmərqənd Zirvəsinin əsas gündəliyində


Azərbaycan türk dünyasının birliyinə mühüm töhfələr verən əsas ölkələrdən biridir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin də əsas istiqamətlərindən biri məhz türk ölkələri arasında yüksək səviyyəli əlaqələrin qurulmasına xidmət edir. Ölkəmizin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində türk ölkələri ilə sıx əlaqələri mövcuddur. Bu əsasda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşün keçirildiyi Özbəkistanla olan münasibətləri nümunə göstərmək olar. Azərbaycan-Özbəkistan münasibətləri son dövrlər xüsusilə yüksələn xəttlə inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 7 ayda bu ölkəyə 3 dəfə səfər etməsi ölkələrimiz arasında ikitərəfli münasibətlərin intensivliyindən xəbər verir. Ümumilikdə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışı zamanı türk dünyasını böyük bir ailə adlandıraraq Təşkilat qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdi. Ölkə başçısı vurğuladı ki, türk dünyası ölkələri bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidirlər. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq fəallaşdırılmalıdır.

Zirvə Görüşündə Prezident cənab İlham Əliyev öz nitqində Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkdi. Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyini vurğulayan ölkə başçısı tarixi ədalətin və beynəlxalq hüququn da bərpa olunduğunu bildirdi. Öz torpaqlarını işğaldan azad etməklə ölkəmiz həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini də özü icra etdi. Baxmayaraq ki, otuzillik işğala son qoyulub, lakin işğalın fəsadları hələ də qalır. Ermənistan Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yerlə-yeksan edib, bütün infrastrukturu, hətta tarixi, mədəni, dini abidələri də dağıdıb. Xalqımıza məxsus 67 məsciddən 65-nin məhv, digər 2-nin isə təhqir edilməsi erməni vandalizminin sərhəd tanımadığından xəbər verir. Prezident cənab İlham Əliyev bu faktları qeyd edərək bildirdi ki, bu eyni zamanda sübut edir ki, Ermənistanın rəsmi ideologiyasının bünövrəsini islamofobiya və türkofobiya təşkil edir. Ermənistan bu gün də öz yanlış siyasətindən əl çəkmir və Azərbaycan ərazilərində müharibə cinayətlərini davam etdirir. Belə ki, işğal dövründə Ermənistan ölkəmizə məxsus ərazilərdə bir milyondan artıq mina basdırıb ki, Azərbaycan vətəndaşları bundan əziyyət çəkirlər. Bundan əlavə, Ermənistan mütəmadi olaraq sərhəddə hərbi təxribatlarından da qalmır və dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıda bilməsi üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını vurğulayan Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrində Türkiyə şirkətlərinin fəal iştirak etdiklərini, həmçinin Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunacağını diqqətə çatdırdı.

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş