Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Newscenter.az-ın məlumatına görə, "Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib. Həmin avtomobillərin içərisində isə 26 erməni (onlardan 20-si yeniyetmə idi) olub. Həmin şəxslər aksiyadan əvvəl Ermənistana idman yarışına gedibmiş. İndi isə Rusiya sülhməramlıları onları öz maşınları ilə aksiya ərazisindən maneəsiz keçərək Xankəndi istiqamətinə aparıblar.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 39 avtomobil maneəsiz hərəkət edib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 37 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.