Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Son illərdə ölkəmiz etibarlı tərəfdaşa çevrilərək, beynəlxalq aləmdə nüfuzu yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Avropa ölkələri, Türk dünyası ilə yanaşı, ərəb dövlətləri ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürüdür. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Bu günlərdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platforma olan Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan Prezidenti Cənab mərasimdə çıxış etdi. Qeyd edək ki, Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Əlbəttə ki, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Cənab İlham Əliyev çıxışında iqtisadi inkişafın əsas göstəricilərindən biri olan enerji təhlükəsizliyinin Azərbaycanda bir neçə il əvvəl təmin olunduğunu diqqətə çatdırıb. "Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik"- deyən Prezident bildirib ki, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik: "Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq."
Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, eləcə də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. İki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Bu layihə Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub ki, həmin boru kəmərinin uzunluğu isə 3500 kilometrə malikdir. "Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq".
Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlərin Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacağını bildirən Cənab Prezident ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər "Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair" Saziş imzaladığını diqqətə çatdırıb. Bu layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.
Təranə PAŞAYEVA,
Psixologiya üzrə fəlsəfə doktoru