Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq parlamentarizm adına ləkə

Beynəlxalq parlamentarizm adına ləkə


Dünya və Avropanın müasir siyasi tarixində korrupsiya ittihamlarının yol tapdığı və təsdiqləndiyi azsaylı beynəlxalq mexanizmlərdən olan Avropa İttifaqı hər hansı məsələ ilə bağlı ümumiləşmiş fikir söyləmək, bəyanat və tövsiyə vermək haqqını itirib. Korrupsiyalaşmış lobbi təşkilatına çevrilməsi Avropa Parlamentinin, hətta bərabər mənafelərə bərabər münasibət ifadə etdiyi məsələlərdə belə qərəzli və "maraqlı" olması şübhəsi yaradır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O bildirib ki, Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qətnamə də eyni qəbildəndir, humanitar məqsədlərə xidmət etmir, qeyri-obyektiv və ədalətsiz, heç bir araşdırmaya əsaslanmayan məqsədli məzmuna malikdir və ən əsası legitim sayıla bilməz:

"Bu mənada Milli Məclisin və Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair kəskin mövqeyi yüksək qiymətləndirilməli, beynəlxalq hüquq prizmasından haqlı və tutarlı hesab edilməlidir.
İlk növbədə ona görə ki, sənədin radikal məzmunu Beynəlxalq hüququn 10 ümumtanınmış prinsiplərindən ən azı 3-nə ziddir".

Millət vəkili qeyd edib ki, açıq mətnlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya "blokadaya alınması"nı ifadə etməsi beynəlxalq hüququn "Dövlətlərin ərazi bütövlüyü" və "Dövlət sərhədlərinin toxunulmazlığı" prinsiplərini kobud surətdə pozur:

"Digər tərəfdən, Azərbaycan 44 günlük müharibədən sonra sərhəd bütövlüyünü təmin etmişdir və cənab İlham Əliyevin də dediyi kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında baş verənlər, oradakı erməni əsilli vətəndaşlarla iş bizim daxili məsələmiz olduğu üçün Avropa Parlamentinin qəbul etdiyi sənəd, eyni zamanda beynəlxalq hüququn "Dövlətlərin daxili məsələlərinə qarışmamaq" prinsipinə ziddir. Xüsusən Azərbaycan paytaxtında 30 min erməninin yaşadığı və Azərbaycanda erməni əsilli vətəndaşlara qarşı hər hansı ayrı-seçkilik müşahidə olunmadığı şəraitdə.

Ən nəhayət, əgər qətnamə Qarabağ iqtisadi rayonunun dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edirsə, humanitar problemlərlə bağlı Beynəlxalq Qızıl Xaç komitəsinin rəyi nəzərə alınmalı, habelə ərazidə blokada olub-olmaması, mülki yük və sərnişinlərin daşınmasında maneə yaradılıb-yaradılmaması ilə bağlı rəy alınmalı idi. Lakin belə bir rəy olmadan Qızıl Xaçın mandatına aid məsələlərə dair bəyanatlar, ümumiyyətlə, siyasi cəhətdən də etik deyil və görünür, korrupsiya maraqları və Fransanın Avropa Parlamentində manevr imkanları təşkilatı bu kimi ilkin şərtləri görməzdən gəlməyə vadar edir. Avropa Parlamenti, vətəndaşlarımızın Azərbaycan Konstitusiyası və 1950-ci il Avropa Konvensiyası, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Pakt başda olmaqla, 10-dan çox beynəlxalq sənədlə təsbit olunmuş azadlıq, sərbəst toplaşmaq, ətraf mühitin əsl vəziyyətinə dair məlumat almaq kimi hüquqlarını tanımamaqla, əslində, insan hüquqlarına olan münasibətini ifadə edir. Bu mənada aydındır ki, Təşkilat üçün hansısa humanitar məqsədlər, yaxud insan hüquqları yox, konkret "maraqlar" önəmlidir. Ona görə də, möhtərəm Prezidentimizin də dediyi kimi, Avropa Parlamentinin bu cür sənədlərinin bizim üçün heç bir dəyəri yoxdur, sadəcə kağız parçasıdır. Bu sənəd də tarixdə sadəcə olaraq, diplomatik müstəvidə ard-arda məğlubiyyətə düçar olan Fransa prezidentinin "inciklik" kompleksinin növbəti rəzaləti və Beynəlxalq parlamentarizm adına ləkə kimi qalacaq".

Mehman
Xəbəri paylaş