"Vaxtilə Cənub Qaz Dəhlizinə - Avropanın enerji təhlükəsizliyini təmin edən əsas layihələrdən birinə də qarşı çıxan Avropa Parlamenti yenə öz qərəzli ampluasındadır".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O bildirib ki, Avropa Parlamenti Azərbaycanı əsassız yerə hədəf alan bəndlərin olduğu qətnamə qəbul etməklə faktiki İttifaqla rəsmi Bakı arasına ziddiyyət salmaq istəyir:
"Nədənsə, ötən ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu görməzdən gəlir. 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyini unudur".
Millət vəkili qeyd edib ki, qərəzli qətnamə tamamilə reallıqlardan uzaq, böhtan mahiyyətli anti-Azərbaycan xarakterli bəndlərdən ibarətdir:
"Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi sərsəm iddialarla yanaşı artıq heç bir siyasi-hüquqi əsası olmayan “Madrid prinsipləri”nə istinadlar var. İllərdir, Azərbaycana qarşı davam edən ekoloji terrora dair faktlar isə toxunulmur. Bu, açıq şəkildə sülhə yox, gərginliyə yönəlmiş yanaşmadır. Son iki ildə normallaşma ilə bağlı formalaşan Brüssel formatına uyğun olaraq Soçi və Praqada keçirilən görüşlərdə Ermənistan Azərbaycanın suverenliyini tanıdığını bəyan etdiyi halda, uğursuz “Madrid prinsipləri”nin xatırlanması absurddur".
Könül Nurullayevanın sözlərinə görə, görünən budur ki, Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya qalmaqalları ilə gündəmə gələn Avropa Parlamenti irqçi, Azərbaycanofob, türkofob mövqeyindən əl çəkmir:
"30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün pozulmasını susqunluqla qarşılayan Avropa Parlamenti bu gün Ermənistanın ərazi bütövlüyünün müdafiəçisi qismində çıxış edir. Halbuki hazırda Ermınistanın ərazi bütövlüyünün pozulmasından söhbət belə getmir. Avroparlamentarilər isə faktiki Cənubi Qafqazda sülh prosesinə xristian həmrəyliyi prizmasından baxır".
Millət vəkili onu da qeyd edib ki, 30 illik işğal dövründə yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, Azərbaycanın şəhər və kəndlərinin yer üzündən silinməsinə növbətçi qətnamələrlə reaksiya verən Avropa Parlamenti mina terrorunu da susqunluqla qarşılamaqda davam edir:
"Nə qədər gülünc səslənsə də bu gün Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir. Təbii ki, Avropa Parlamentinin bu qətnaməsi əsassız kağız parçasıdır, bu üzdəniraq sənəd hec bir halda Azərbaycanın iradəsinə təsir edə bilməz. Rəsmi Bakının konkret hədəfləri var və bu istiqamətdə atılan bütün addımlar bütövlükdə bölgənin rifahına xidmət edir".
Ruhiyyə