“Başda Fransa olmaqla, Avropanın bir sıra ermənipərəst dövlətlərinin yeganə məqsədi regiona yeni müharibə gətirmək, Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma yaratmaqdır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına münasibət bildirərkən səsləndirib. Millət vəkili hesab edir ki, bu ədalətsiz qərar hər şeydən əvvəl Ermənistanı, eyni zamanda Qarabağdakı separatçıları mühafizə etmək, onları qorumaq cəhdidir:
“Bildiyiniz kimi, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl etmək üçün müntəzəm olaraq Kreml İrəvana çağırış edir. Lakin Avropadakı havadarlarına arxalanan Ermənistan hələ də üçtərəfli bəyanata əməl etmir, həmçinin sülh müqaviləsinin imzalanmasını yubadır. Bu da təbii olaraq İrəvanla Moskva arasında münasibətlərin pisləşməsinə gətirib çıxarır”.
Deputat deyir ki, Ermənistanda Rusiya əleyhinə aksiyaların keçirilməsi, Gümrüdəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılması barədə etirazların səslənməsi İrəvanın Moskvadan qopub Avropaya meyillənməsi, bu qitədəki havadarlarına sığınmasına yol açıb:
“Təbii ki, Ermənistanın Rusiyaya qarşı sərgilədiyi bu mövqe Avropanı qane edir və Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarını da Rusiyaya qarşı çıxmağın qarşılığında Ermənistanın mükafatlandırılması hesab etmək olar.
Millət vəkili hesab edir ki, bütün halda Avropadan sərgilənən bu cür mövqe ədalətsizdir, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, nəticə etibarilə sülh müqaviləsinin imzalanmasına deyil, əksinə regionda əlavə gərginliyin yaradılmasına xidmət edir:
“Bu həm də açıq şəkildə separatizmə dəstək deməkdir”.
Anar