Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə dövlətinin, qardaş Türk xalqının bu sınaqdan da şərəflə çıxacağına əminik

Türkiyə dövlətinin, qardaş Türk xalqının bu sınaqdan da şərəflə çıxacağına əminik


"Azərbaycan və Türkiyə bir-birilərinin sevincinə də, acılarına da şərik çıxmaqla hər zaman bütün sınaqlardan üzüağ, şərəflə çıxmağı bacarıb. Nə yazıq ki, biz indi növbəti dəfə təbiətin amansız sınağı ilə üzləşmişik. Fevralın 6-da Qəhrəmanmaraş episentr olmaqla, qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da dəhşətli faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı. Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev zəlzələ baş verəndən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək və məktub göndərərək ona və bütün Türk xalqına öz başsağlığı diləyini çatdırdı:

"Dövlət başçımızın tapşırığı ilə həmçinin Azərbaycanın müvafiq qurumları dərhal hərəkətə keçdi, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə göndərildi və Türkiyədə baş vermiş zəlzələnin ağır nəticələrinin aradan qaldırılması prosesinə qoşuldu. Hazırda Azərbaycandan davamlı olaraq zəlzələ bölgəsinə həkimlər, xilasedicilər, könüllülər göndərilir. Heydər Əliyev Fondu da qardaş ölkəyə öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirdi və Fondun təşəbbüsü ilə yardım kampaniyaları başladıldı. Həmçinin vətəndaşlarımız da zəlzələdən zərər çəkən insanlara təxirəsalınmadan yardım əli uzatmağı özünün mənəvi borcu, qardaşlıq vəzifəsi hesab edir. Yaşlı insanlarımızdan tutmuş gənclərimizə, məktəblilərimizə qədər bu gün hər kəs Türkiyə üçün əlindən gələni edir".

Əlisahib Hüseynov qeyd edib ki, zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermək üçün fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyini ziyarət edən Prezident İlham Əliyevin orada çıxışı zamanı dediyi kimi “Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir:

"Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrimiz mövcuddur”. Bütün bunlar əlbəttə ki, Azərbaycan-Türkiyə dostluğunun necə möhkəm, sarsılmaz olduğunu göstərir. Və bu gün Azərbaycan Türkiyəyə ən çox yardım göndərən, hər vasitə ilə dəstək verən ölkələrin sırasında ilk başda yer alır. Həm vətəndaşlarımız tərəfindən humanitar yardımların toplanması, həm də rəsmi qurumlarımız tərəfindən şəxsi heyət, canlı qüvvə və texnika ilə yardımların göndərilməsi durmadan davam edir. Bir sözlə, bütün azərbaycanlıllar Türkiyənin acısını öz acısı kimi, Azərbaycanın acısı kimi qəbul edərək indi hər vasitə ilə qardaş ölkənin yaralarını sarımağa çalışır".

MHP sədri sonda bunları qeyd edib:

"Biz Türkiyə dövlətinin, qardaş Türk xalqının bu sınaqdan da şərəflə çıxacağına əminik. Bizim də borcumuz “Bir milllət, iki dövlət” fəlsəfəsindən yola çıxaraq belə bir kritik dönəmdə qardaş ölkəmizə dayaq durmaqdır. Biz dövlət və xalq olaraq qardaş ölkəni onun çətin günündə tək buraxmadıq. Bu, belə də olmalıydı və bundan sonra da Azərbaycanla Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olmağa davam edəcək".

Anar
Xəbəri paylaş