ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, İrandakı aksiyalar yeni mərhələyə daxil olub. Məlumata görə, etirazçıların fəallığı son günlər əhəmiyyətli dərəcədə artıb.
Qərb analitiklərinin fikrincə, İran ciddi iqtisadi problemlərlə üzləşməkdə davam edir. Qeyd olunub ki, bu, Prezident İbrahim Rəisi və onun komandasına qarşı artan siyasi hücumları gücləndirə bilər: "Rejimin bir neçə rəsmisi iqtisadi vəziyyətlə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər. Etiraz iştirakçıları mövcud rejimə qarşı təzyiqləri artırmaq məqsədilə iqtisadi böhran amilindən istifadə edə bilər”.
Məlum olduğu kimi, İranda etiraz aksiyaları ötən ilin sentyabrında başlayıb. Mitinqlər təxminən beş aydır davam edir. Etirazçıların əsas tələbi demokratik dəyərlərin qorunmasıdır.
Əvvəllər də deediyimiz kimi, İrandakı aksiyalarda Qərbin əlinin olması istisna deyil. Çox güman ki, ABŞ və müttəfiqləri bu yolla iran daxilində vətəndaş müharibəsinə bənzər durum yaratmaq istəyirlər. Ümumiyyətlə, proseslər onu göstərir ki, İranda vətəndaş müharibəsi rəsmən başlaya bilər.
İrandakı mövcud rejim Qərbə sərf etmir. ABŞ və müttəfiqlərini daha çox narahat edən nüvə silahının zənginləşdirilməsi, həmçinin rəsmi Tehranın regional siyasətidir. Ona görə də kollektiv Qərb İran rejimini dəyişmək niyyətindədir.
Aksiyaların yaxın gələcəkdə səngiyəcəyi ağlabatan deyil. Əksinə, yəqin ki, mitinqlər eyni templə davam edəcək. Nəzərə almaq lazımdır ki, etirazların təşkilində kənar qüvvələrin əli var. Əks halda aksiyalar bu qədər mütəşəkkil olmazdı. Bu isə o deməkdir ki, aksiyalarla bağlı konkret məqsədlər var. Və böyük ehtimalla etirazlar konkret nəticələrlə yadda qalacaq.
İranda iqtisadi böhran getdikcə dərinləşir. Bu isə öz növbəsində siyasi müstəviyə təsir edir. Xalq hakimiyyəti ciddi islahatlar həyata keçməyə məcbur edir. Gələcəkdə molla rejiminin müəyyən loyal qərarlar qəbul edəcəyi mümkündür. Hərçənd xalq bununla kifayətlənməyəcək.
Kənan Novruzov-siyasi ekspert