"Hazırkı dönəmdə “Demokratiya Sammiti” ABŞ-ın 5-ci kolonlarının illik yığıncağından başqa bir şey deyil. Vaşinqton, xüsusən Demokratların iqtidarı aydın formada göstərir ki, əslində insan haqları və demokratiya Vaşinqton üçün üçüncü-dördüncü dərəcəli məsələdir".
Newscenter.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vıkili bildirib ki. bu gün ABŞ-ı daha çox maraqlandıran məsələ yerlərdə müstəqil üsul idarələri, suveren sistemləri özünün əlaltısına çevirmək, öz nüfuzunu yaymaqdır və Bayden hakimiyyəti artıq bu niyyətini dolayısı ilə gizlətmir:
"Təsadüfi deyil ki, "Demokratiya Sammiti" ərəfəsində ABŞ digər ölkələrdə yeni inqilablar və hakimiyyət dəyişikliyi strategiyasını açıqladı. Yəni Vaşinqton artıq çəkinmədən digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi və amerikayönlü hakimiyyətlərin qurulması məsələsini açıq formada yeni strategiyasına şəklində realizə etməyə bsşlayıb. Təbii ki, prosesdə də USAİD və Sorosçuların nəzarətində olan digər qərb təsisatları, xüsusən İnsan haqları adı altında fəaliyyət göstərən təşkilatlar və media qurumları hərəkətverici qüvvə kimi çıxış edir".
Deputatın qənaətincə, sammitə dəvət olunanların siyahısına diqqət etsək, bir daha aydın olar ki, bəşəri dəyərlər Vaşinqton üçün nə qədər önəmlidir:
"Məsələn, 30 illik işğalçı, milyon yarım azərbaycanlının təməl hüquqlarının pozucusu, 350 minlik Qərbi azərbaycanlını öz ata-baba yurduna buraxmamaqla etnik təmizləmə siyasətini hələ də davam etdirən Ermənistan bu tədbirdə Baydenin qonağıdır. Çünki ABŞ üçün milyon yarım insanın taleyi, yaxud beynəlxalq hüququn prinsipləri yox, Sorosun idarə etdiyi Ermənistanın Vaşinqton meyilliliyi önəmlidir və lazım olan məqamda Amerika Ermənistan üçün zorla demokrat imici yaratmağı bacarır. Ermənistanda müxalifət də, jurnalistlər də həbs oluna, bütün qeyri-ermənilər etnik təmizləməyə məruz qala, yekcins, monoetnik bir dövlət yaradıla bilər, amma başqa ölkədə tapdanan qarışqanın belə haqlarına "sahib" çıxan ABŞ Ermənistanın bu davranışlarını göz yummağa hazırdır. Təsəvvür edin, İrandan, yaxud Rusiyadan bir kibrit dənəsi aldığına görə iri şirkətlər Vaşinqtonun sanksiyasına məruz qaldığı halda, ərazisində Rusiyanın hərbi bazası olan, sərhədləri rus ordusu tərəfindən qorunan, eləcə də regionda İranın terrorçu rejiminin ən yaxın müttəfiqi olan Ermənistana göz yumulur, hətta Paşinyan demokratik tərəfdaş kimi Sammitə dəvət olunur".
Bəhruz Məhərrəmovun sözlərinə görə, bu cür qərəzli, ədalətsiz, qeyri-sağlam məntiqlə və qeyri-vicdani selektiv yanaşma bir daha göstərir ki, əslində haqq da demokratiya da ABŞ-ın peykinə çevrilməyən dövlətlərə qarşı təzyiq vasitəsidir:
"Bu mənada "Demokratiya Sammiti" nə dəvət olunmamaq bir ölkə üçün özlüyündə həmin dövlətin Vaşinqtonun diş batıra bilmədiyi, müstəqil və suveren daxili və xarici siyasət kursunun mövcud olduğunun göstəricisidir".
Anar