Sözdə “İslam Respublikası” hesab olunan İran adlı təxribatçı-destruktiv dövlətin anti-Azərbaycan səpkili düşmən addımları artıq yeni mərhələyə daxil olub. Belə ki, əvvəlcə mollaların, KİV-in və SEPAH generallarının vasitəsilə bizi təhdid edən fars-molla rejimi son günlərdə Azərbaycana qarşı təbliğat və təxribat kampaniyasını parlamenti səviyyəsinə qaldırıb. İran İslam Şurası Məclisinin Azərbaycanın İsraildə səfirliyinin rəsmən fəaliyyətə başlamasını pisləyən bəyanat qəbul etməsi və həmin bəyanatda ölkəmizə qarşı təhdid dolu bir sıra fikirlərin, ittihamların yer alması molla rejiminin gərginliyi artırmaq fikrindən əl çəkmək niyyətində olmadığını göstərir.
Sözügedən bəyanatda İran parlamentariləri Azərbaycanı “Qüdsün işğalçısı rejimi”ndə (İsraildə) səfirlik açmağına görə "mənfi siyasi nəticələr"lə üzləşəcəyi ilə hədələyiblər. Onlar həmçinin İran Xarici İşlər Nazirliyindən tələb ediblər ki, nazirlik Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bildirmək üçün bütün İslam ölkələrinə bəyanat göndərməli və digər "lazımi diplomatik tədbirlər"i görməlidir. Bu, molla rejiminin Azərbaycana qarşı açıq-aşkar demarşı deməkdir.
Xameneinin rəhbərlik etdiyi molla dövlətinə, şər imperiyasına kim səlahiyyət verib ki, bütün islam ölkələrinin adından çıxış etmək iddiasına düşür? Azərbaycanın hər hansı bir ölkədə səfirlik açmasının molla İranına nə dəxli var? Mollalar Ermənistandan fərqli olaraq Azərbaycanın suveren, müstəqil dövlət olduğunu nə tez unudublar? 30 illik işğal dövründə müsəlman Azərbaycanının haqqını müdafiə etmək əvəzinə, işğalçı Ermənistanla sıcaq münasibətlər quran molla rejimi və onun parlamenti indi hansı haqla bizə yol göstərməyə, bizi İsraillə əməkdaşlıqdan çəkindirməyə çalışır?
Siyasətlə mollalığı qarışdıran iranlı deputatlar bilməlidirlər ki, onların qəbul etdiyi sözügedən bəyanat həm beynəlxalq hüquqa, həm də dövlətlərarası münasibətlərə ziddir. Onlar Azərbaycan əleyhinə cəfəng bəyanat qəbul etməkdənsə, ilk növbədə siyasi etikanı və diplomatik normaları öyrənməliydilər. Bütövlükdə molla rejimi Azərbaycanın suverenliyinə hörmət etməyi öyrənməlidir.
İran dövlətinin və parlamentinin Azərbaycanın xarici siyasətinə yön verməyə, daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Azərbaycanı Ermənistanla səhv salmaq mollaların ən böyük səhvidir. Ermənistan ilə “kukla” dövlət kimi rəftar edən İranın molla rejimi başa düşməlidir ki, Azərbaycan öz xarici siyasətini özü müəyyən edir. İran qonşuluğunda güclü Azərbaycan dövlətinin mövcudluğu ilə barışmalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri