Erməni kütləvi informasiya vasitələrində Azərbaycan-Ermənistan sərhədində, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında yayılan xəbər hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməsə də, ancaq erməniləri psixoloji olaraq bu reallığa öyrəşdirmək və hazırlamaq baxımından olduqca əhəmiyyətli xəbərdir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. MHP sədri bildirib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması onsuz da çoxdandır gözlənilir:
"Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifimizi hətta məqbul hesab etməsə də belə, bütün hallarda bu reallıqla barışmalı olacaq".
Əlisahib Hüseynovun sözlərinə görə, sözügedən nəzarət-buraxılış məntəqələri mütləq quraşdırılmalıdır ki, ermənilərin bu yoldan qanunsuz istifadəsinin və üçüncü ölkələrin vətəndaşlarının, rəsmi şəxslərinin, eləcə də diversantlarının bizim ərazilərimizə qanunsuz keçidinin qarşısını almaq mümkün olsun:
"10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməkdən yayınan Ermənistanı yalnız bu cür prinsipial addımlarımızla öz öhdəlklərinə əməl etməyə məcbur edə bilərik. Ermənistan tərəfi fakt qarşısında qalanda cığallığından əl çəkir, reallıqla barışır".
Anar