“Bu gün Türkiyənin milli müdafiə sənayesinin 80 faizi yerli istehsaldır. Əgər biz bu səviyyəyə çatmasaydıq, Türkiyə pilotsuz uçuş aparatları (PUA) istehsal etməsəydi, hava hücumundan müdafiə sistemlərini, hücum silahlarını, helikopterlər də daxil olmaqla bütün imkanlarımızı ortaya qoymasaydıq, Azərbaycan Qarabağı işğaldan azad etməkdə çətinlik çəkərdi”.
Newscenter.az-ın məlumatına görə, “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O vurğulayıb ki, Azərbaycan türkün gücünü döyüş meydanında bütün dünyaya göstərdi, işğal olunmuş torpaqlarını azad etdi.
M.Çavuşoğlu söyləyib ki, Türkiyənin daxildə bəzi qüvvələr İkinci Qarabağ müharibəsi dövründə Ankaranın Azərbaycana kömək etdiyini deyirlər: “Belə fikirlər söyləyənlər oldumu? Oldu. Həmin şəxslər müxalifət partiyalarının rəhbərliyində təmsil olunurlarmı? Olunurlar”.
XİN başçısı deyib ki, Türkiyə artıq həm oyun quran, həm də Türkiyəyə qarşı hesablanmış oyunların qarşısını alan bir dövlətdir: “Biz təkcə regional yox, həm də qlobal siyasi aktoruq. Türkiyə və türk milləti hər zaman çətinə düşən, köməyə ehtiyacı olanın yanında olub. Dəstəklərinə görə təşəkkür etdiklərimiz də eyni şeyi deyirlər. Söyləyirlər ki, hər zaman Türkiyə gələrdi, indi biz gəldik. Bizə dəstək olan ölkələrə bir daha təşəkkür edirəm".