“İyun hadisələri və bu hadisələrdən doğan vətəndaş qarşıdurması yenicə müstəqillik əldə etmiş Azərbaycanı parçalamağa, onu xanlıqlara, vilayətlərə bölməyə hesablanmış cəhd idi. Rusiyada hazırlanmış həmin ssenarini Moskvanın əlaltıları Azərbaycanda, onun ikinci böyük şəhəri olan Gəncədə uğurla icra edirdilər”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı 30 il əvvəl baş vermiş iyun qiyamından danışarkən səsləndirib. O bildirib ki, ümummilli lider Heydər Əliyev həmin ərəfədə xalqın təkidli tələbi ilə Bakıya qayıdıb siyasi hakimiyyətdə təmsil olunmasaydı, indi Azərbaycanın varlığından danışmaq qeyri-mümkün olardı:
“Məhz ona görə də həmin vaxt Azərbaycanı parçalamaq, onun müstəqilliyinə son qoymaq arzusunda olan daxildəki xəyanətkar dairələr Heydər Əliyevin Bakıya qayıtmasına qəti şəkildə qarşı çıxır, qarşılarına qoyulan vəzifəni, vətəndaş müharibəsi nəticəsində Azərbaycanı parçalamaq istəklərini qısa zamanda reallaşdırmaq istəyirdilər”.
Arzuman Muradlı deyib ki, lakin ümummilli lider Heydər Əliyev özünəməxsus müdrik siyasəti ilə müstəqil Azərbaycan üçün qurulan bütün planları pozdu və ölkədə vətəndaş müharibəsinin qarşısnı almağa müvəffəq oldu.
Anar Əliyev