Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbir kimi ABŞ və Böyük Britaniyanın diqqətindədir”

Jalə Əhmədova: “Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbir kimi ABŞ və Böyük Britaniyanın diqqətindədir”


Bir neçə gün əvvəl mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimi keçirildi.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, 1994-cü ildən etibarən keçirilən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

Cənab Prezident diqqətə çatdırdı ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Baydenin və Böyük Britaniyanın Baş naziri Sunakın bu tədbirə öz məktublarını ünvanlaması onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Açılış mərasimində Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığından danışan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu əməkdaşlığın müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvüdür.
Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Bu gün bərpaolunan enerji ilə bağlı şirkətlər Azərbaycana böyük maraq göstərirlər. Bununla yanaşı, qeyd etmık lazımdır ki, tarixi nailiyyət olan Cənub Qaz Dəhlizi 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Bu gün Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Perspektiv planımıza 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq daxildir. Strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirilir. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər böyük dərinlikdən ilk qaz alacağıq.

Əhəmiyyətli tədbirlərdən biri də Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə Bolqarıstana qonşu olan ölkələrə də bizim qazımız nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.

Bundan başqa, ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir və bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik.

Prezident İlham Əliyev qeyd etdi ki, ildən-ilə Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq.

Bu gün Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. 157 qiqavat həcm yalnız Xəzər dənizindədir. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.

TANAP və TAP-ın genişləndirilməsi, Avropada digər boru kəmərlərinə, həmçinin Balkanlarda boru kəmərlərinə çıxış əldə edilməsi, Avropada interkonnektorların sayının artırılması qarşıda duran əsas məsələlərdir və onlar əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.

Qeyd etmək lazımdır ki, iyunun 3-dək davam edəcək Bakı Enerji Həftəsində 38 ölkədən 331 şirkətin iştirak etməsi bu tədbirə olan beynəlxalq marağın bariz göstəricisidir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş