"Azərbaycan vətəndaşı Fərid Səfərlinin fevral ayında İranda casusluq ittihamı ilə həbs edilməsi və 4 aya yaxın bir müddətdə bu barədə ailəsinə və yaxınlarına xəbər verilməməsi insan haqlarının köklü pozuntusudur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, hüquq sistemlərindən asılı olmayaraq, həm Roman-German, həm Anqlo-Sakson, həm də Teokratik sistemlərində qəbul olunmuş vahid prinsip var, şübhəli şəxs tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə, əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin diplomatik nümayəndəliyinə bu barədə dərhal məlumat verilməlidir:
"Eyni qaydada da, təqsirləndirilən şəxslər tutulduqdan dərhal sonra tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə. Lakin İran hüququ da, dini də, adəti də, insafı da bir kənara ataraq Fərid Səfərlini fevraldan quldurcasına oğurlayıb, barəsində naməlum cinayətkar prosedurlar həyata keçirir və bunu da davamlı sorğulara baxmayaraq Azərbaycan hökumətindən də, ailəsindən də gizlədir".
Bəhruz Məhərrəmov hesab edir ki, İran bu cinayəti iki səbəbdən belə rahatlıqla törədir:
"Birincisi, Tehran əmindir ki, Azərbaycan adekvat yola baş vurmayacaq, yəni İrandan fərqli olaraq Azərbaycanda təqsiri olmayan heç bir kəs barəsində cinayət təqibi başlanmır. İkincisi, hətta Azərbaycan İran vətəndaşı barəsində hüquqi prosedurlara başlasa belə, edamlar diyarı İran üçün insan amili qiymətli deyil.
Dünən nəhayət ki, vətəndaşımızı saxladığını etiraf edən İran casus şousunu uzatmamalı, Tehranın özünün məğlub olaraq geri çəkilməsi ilə yenicə azalmaqda olan gərginliyə təkrar rəvac verməməlidir. İran anlamalıdır ki, Azərbaycan öz vətəndaşını yalnız buraxmayacaq".
Anar Əliyev