Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib

YAP və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib


İyunun 3-də Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən tədbirlər Ulu Öndərin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması baxımından olduqca önəmlidir: “Ümummilli Liderimizin dünənin, bu günün və gələcəyin partiyası kimi səciyyələndirdiyi, 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçərək Heydər Əliyev ideyaları əsasında Azərbaycana tarixi uğurlar – möhtəşəm nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası tərəfindən də “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər reallaşdırılmaqdadır. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda keçirilən bugünkü konfrans da Heydər Əliyev irsinin öyrənilməsi, Onun əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması və gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyətə malikdir”.

YAP Sədrinin müavini qeyd edib ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları, həlledici anları və tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən misilsiz işlər görmüşdür. O, istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində böyük uğurlara imza ataraq xalqımızın parlaq gələcəyini təmin etmişdir. Heydər Əliyev sovetlər birliyi dövründə respublikamızın sosial-iqtisadi, elmi-mədəni inkişafına xidmət edən, böyük milli-mənəvi və siyasi-ideoloji əhəmiyyətə malik işlər görmüş, Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini yaratmışdır. Xüsusi qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan SSR tarixində bütün sahələrdə inkişafla xarakterizə olunan ən parlaq dövrdür. Məhz 1969-cu ildən - Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra atılan addımlar – görülən işlər hərtərəfli inkişafı və yüksəlişi təmin edən həlledici amil olmuşdur. Həmin tarixi mərhələyə nəzər salan Prezident İlham Əliyev qeyd etmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir: “Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli-mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür”.

Tahir Budaqov vurğulayıb ki, 1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də Azərbaycanın mənafelərini qətiyyətlə qorumuş, xalqımızın rifahı və firavanlığı, respublikamızın inkişafı üçün vacib işlər görmüşdür: “Bu, respublikanın 1969-1982-ci illər ərzində yaradılmış güclü sosial-iqtisadi baza əsasında inkişafını daha da sürətləndirmişdir. Bu dövrdə atılan addımlar təkcə Azərbaycan SSR-in deyil, Sovet ittifaqının tərkibində olan digər bir sıra respublikaların da inkişafına müstəsna töhfə olmuşdur. Xüsusi olaraq bir məqamı diqqətə çatdırmaq istəyirəm ki, Heydər Əliyevin istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, istərsə də də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrlərdə respublikamızda digər xalqların nümayəndələri də qarşılıqlı anlaşma şəraitində yaşamış, onların bütün hüquqları qorunmuş, rifah və firavanlığı təmin edilmişdir. Bir sözlə, hələ SSRİ dönəmində humanizm dəyərlərinə, multikultural ənənələrə söykənən tolerant yanaşma Azərbaycan cəmiyyətinin inkişafını təmin edən mühüm amillərdən biri olmuşdur”.

YAP Mərkəzi Aparatının rəhbəri deyib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş, mədəni intibah və bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi həkk olunmuşdur: “Sosial-iqtisadi, siyasi və hüquqi islahatların aparılması, milli maraqlara, beynəlxalq hüquq normalarına və dövrün çağırışlarına əsaslanan xarici siyasət kursunun həyata keçirilməsi və digər amillər Azərbaycanın tərəqqisini, qarşıda duran milli hədəflərin reallaşmasını mümkün etmişdir. Ulu Öndər Heydər Əliyev xalqımızın zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı və çoxəsrlik dövlətçilik ənənələrinə sahib olduğunu, ölkəmizdə müxtəlif etnik və dini köklərə malik xalqların yaşadığını nəzərə alaraq həm milli maraqlara, həm də zamanın çağırışlarına uyğun siyasət həyata keçirmiş, multikultural dəyərlərin təşəkkülü təmin edilmiş və tolerantlıq mühiti gücləndirilmişdir. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlaması üçün istər hüquqi, istərsə də mənəvi müstəvidə bütün şərtlər təmin edilmiş - əlverişli şərait yaradılmışdır. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”,- deyən Ulu Öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sərvətin qorunması və zənginləşməsi üçün məqsədyönlü siyasət həyata keçirmiş və müsbət nəticələr – diqqətəlayiq nailiyyətlər əldə edilmişdir”.

YAP Sədrinin müavini söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasəti Azərbaycana böyük nailiyyətlər qazandırmaqdadır: “Xüsusilə də, respublikamızda multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi müstəqillik yolunda inamlı irəliləyişini təmin edir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini nümayiş etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə multikulturalizmin, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması da həm ölkəmizdə tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

“Bu gün ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik olan toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların, o cümlədən rus əsilli vətəndaşlarımızın payı var. Dövlət başçısının söylədiyi kimi, “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır ,- deyə Tahir Budaqov vurğulayıb.

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, bu gün Azərbaycanda mövcud olan icmalar cəmiyyət həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar. 30 illik yubileyini qeyd edən Azərbaycanda Rus İcması da bu baxımdan istisna deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşamış, dil və mədəniyyətini, milli və dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirmişdir”.

“Diqqətə çatdırmaq istəyirəm ki, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətlərini uğurla davam etdirirlər. Cənubi Qafqazın ən böyük rus icması olan Azərbaycanda Rus İcmasının nümayəndələri də öz hüquq və azadlıqlarından, mövcud şəraitdən istifadə edərək cəmiyyət həyatının müxtəlif sahələrində aktiv təmsil olunurlar”,- deyən YAP Sədrinin müavini qeyd edib ki, bütün bu gerçəkliklər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, dövlətçilik maraqlarına, milli-mənəvi və bəşəri dəyərlərə, xalqımızın tarixi ənənələrinə söykənən siyasətin real nəticəsidir. Ona görə də Azərbaycan xalqı, ölkəmizdə yaşayan müxtəlif toplumların nümayəndələri müstəqil dövlətimizin banisi, dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir, Ulu Öndərin misilsiz xidmətlərini minnətdarlıqla xatırlayırlar.

“Fürsətdən istifadə edərək Azərbaycanda Rus İcmasının 30 illik yubileyi münasibətilə hər birinizi ürəkdən təbrik edir, tolerant, qalib və qüdrətli Azərbaycan naminə, xalqlarımız arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə yönəlik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”, - deyə Tahir Budaqov vurğulayıb.

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin bildirib ki, Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınır. Bu günlərdə Azərbaycan xalqı əlamətdar tarixi - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edir. Onun sözlərinə görə, sabitliyin və inkişafın təmin edilməsi Heydər Əliyev siyasətinin ən mühüm nailiyyətlərindəndir: “Heydər Əliyev xalqın ona göstərdiyi etimadı tam doğrultdu. Sabitliyin təmin olunması dövlətçiliyin möhkəmlənməsinə xidmət etdi, Azərbaycanın davamlı inkişafı üçün əlverişli zəmin yaratdı”.

M.Zabelin vurğulayıb ki, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyanın Sədri seçilməsi Azərbaycan üçün dönüş nöqtəsi oldu: “Dövlətçiliyin süqutu təhlükəsi ilə üzləşdiyini görən Azərbaycan xalqı əmin idi ki, respublikanı bu təhlükəli vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Ən ağır günlərdə xalq öz taleyini yenidən Heydər Əliyevə bağladı. Xalq Heydər Əliyevin qayıdışını ümid və sevinclə qarşıladı. O, qısa müddətdə Azərbaycanı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxardı”.

Azərbaycanda Rus İcmasının sədri qeyd edib ki, Ümummilli Lider tolerant, çoxmillətli cəmiyyətin formalaşması və inkişafının vacibliyinə inam aşılamışdı. 1993-cü il iyunun 15-də Milli Məclisin iclasında çıxış edən Heydər Əliyev demişdi: “Azərbaycan yüz illərdir ki, bu torpaqda yaşayan bütün insanların vətəni olub və gələcəkdə də Vətən olaraq qalmalıdır”. Məhz bu sözlər sonralar müasir demokratik, güclü Azərbaycanın əsaslarından birinə çevrildi.

Onun sözlərinə görə, Heydər Əliyev keçmiş SSRİ respublikaları arasında mehriban qonşuluq münasibətlərinə həmişə böyük əhəmiyyət verir, Rusiya-Azərbaycan əlaqələrinin gələcəyinə nikbinliklə baxırdı: “Ümummilli Lider dostluğa, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən siyasət həyata keçirdi. Heydər Əliyev bu gün ölkələrimiz arasında dinamik inkişaf edən əməkdaşlığın əsasını qoydu”.

M.Zabelin diqqətə çatdırıb ki, Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ilin mayında Azərbaycanda Rus İcması yaradıldı və bu gün Cənubi Qafqazda ən böyük - 120 min nəfərdən çox üzvü olan icma 30 illik yubileyini qeyd edir, Vətənin rifahı naminə fəaliyyət göstərir. Bakı şəhərində və Azərbaycanın rayonlarında “Azərbaycanda Rus İcmasının keçdiyi yolun 30 ili” adlı konfranslar keçirib, Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər.

O qeyd edib ki, multikulturalizm Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib. Bu gün Azərbaycanın multikulturalizm və tolerantlıq modeli dünyada nümunə kimi göstərilir: “Hər bir azərbaycanlı üçün adi görünən bu vəziyyət başqa ölkələrdə unikal nailiyyət kimi qəbul edilir. Bu, həqiqətən də, belədir. Azərbaycanda bütün etnik qrupların nümayəndələri fəxrlə özlərini Azərbaycan vətəndaşı adlandırır və hər zaman Vətənini müdafiə etməyə hazırdırlar. Bunun bariz nümunəsi İkinci Qarabağ müharibəsi idi, o zaman bütün Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü qorumaq üçün səfərbər oldu”.

“Əminliklə qeyd etmək olar ki, Azərbaycanın ən böyük sərvətlərindən biri də bu gün bütün dinlərin və etnik qrupların nümayəndələrinin ləyaqətlə yaşaması, ölkənin inkişafına töhfə verməsidir. Azərbaycan vətəndaşları, o cümlədən ruslar Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Eyni zamanda, onlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ürəkdən minnətdardırlar”,- deyə M.Zabelin vurğulayıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycan dövlətinin mədəniyyət siyasətində multikulturalizm amili başlıca istiqamətlərdən biridir. Bu siyasət dövlət quruculuğunda, ölkənin mədəni və sosial həyatında əhəmiyyətli rol oynayıb. Azərbaycan çoxmillətli və çoxmədəniyyətli bir ölkədir və bu da ölkəmizin təbii varlığının bir hissəsidir: “Bu istiqamətdə son 30 ildə ölkəmizin keçdiyi yola nəzər salmaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun strateji baxımdan nə qədər uzunmüddətli və bu gün üçün də nə qədər aktual olduğunu görməyə bir daha imkan verir. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü “azərbaycançılıq” konsepsiyası və bu konsepsiyanın əsas sütunları hesab edilən multikulturalizm və tolerantlıq ideyası hazırkı dövrdə də milli ideologiyamızın əsasını təşkil edir. Azərbaycan dövlətinin multikulturalizm siyasəti tərəqqi və inkişafımızın mühüm bir amilidir”.

Onun sözlərinə görə, fərqli millət və mədəniyyətlərin bir arada yaşaması və tərəqqisi mədəniyyət məkanının zənginliyini artırır, müxtəlif fikirləri bir araya gətirərək yaradıcılığa və innovasiyalara təşviq edir: “Multikultiralizm və tolerantlıq müasir Azərbaycan cəmiyyətinin yaşam tərzi olmaqla bir sıra etnik, dini, linqvistik aspektlərlə yanaşı, mədəni aspektləri də əhatə edir. Özündə bütün müxtəliflikləri ehtiva edərək unikal birgəyaşayış nümunəsi yaradan Azərbaycan minillik tarixi olan İpək yolu üzərindəki bir çox mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu bir məkandır. Bu baxımdan, Ulu Öndərin irəli sürdüyü azərbaycançılıq konsepsiyası birləşdirici ideya kimi mədəniyyət sahəsində yeni çalarlar qazanaraq müasir Azərbaycanın multikulturalizm modelini formalaşdırıb”.

Adil Kərimli vurğulayıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə yaşayan bütün millətlərin və etnik qrupların mədəni dəyərlərinin qorunub saxlanılması və inkişafı ilə bağlı sistemli siyasət həyata keçirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin əsası kimi müəyyən edilən multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin milli ideologiyasının təməl prinsipidir. “Təsadüfi deyil ki, Azərbaycan xalqı bu təməl prinsip əsasında bir yumruq kimi birləşdi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün xalqların nümayəndələrinin Zəfərə töhfəsini yüksək qiymətləndirib və Azərbaycanın burada yaşayan hər kəsin vətəni olduğunu dəfələrlə vurğulayıb”,- deyə nazir söyləyib.

Konfransda çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin Həmvətənlərlə İşlər üzrə Departamentinin direktoru Aleksandr Nurizadə isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun konfrans iştirakçılarına məktubunu oxuyub.

Həştərxan vilayətinin mədəniyyət və turizm naziri Olqa Prokofyeva çıxışında bildirib ki, multikulturalizm və tolerantlıq hər bir müasir, inkişaf edən dövlətin gələcəyi üçün vacibdir. Onun sözlərinə görə, Azərbaycanla Həştərxan vilayətini çoxmillətli müxtəliflik birləşdirir ki, bu da bizim əvəzsiz irsimiz və üstünlüyümüzdür. Vilayətdə 140-dan çox millət və etnik qrup təmsil olunur. “Xalqların mədəniyyəti cəmiyyətdə birləşdirici rol oynayır, insanlar arasında yaxınlaşma və qarşılıqlı anlaşmaya, tolerantlıq prinsiplərinin bərqərar olmasına kömək edir. Bu gün Həştərxan vilayətinin Mədəniyyət Nazirliyinin qurumları tərəfindən xalqların birliyinin və etnik-mədəni inkişafının möhkəmləndirilməsinə yönəlmiş işlər mədəni və milli cəmiyyətlərlə birgə həyata keçirilir. Həştərxandakı azərbaycanlı icmasının nümayəndələri vilayətdə keçirilən müxtəlif bayram və festivalların, ümumrusiya aksiyalarının daimi iştirakçılarıdır. Birgə mədəni tədbirlər, bayramlar, incəsənət və sənətkarlıq sərgiləri keçirməklə biz xalqlarımızın əxlaq normalarına, adət-ənənələrinə uyğun ünsiyyət mədəniyyətini formalaşdırırıq” ,- deyə nazir söyləyib.

O qeyd edib ki, Heydər Əliyev səmərəli əməkdaşlığın əsasını qoyub və bunun sayəsində Azərbaycan bu gün Həştərxan vilayətinin əsas tərəfdaşlarından biridir. “Biz nəqliyyat, ticarət, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, gənclər siyasəti və idman sahələrində sıx əməkdaşlıq edirik”, - deyən O. Prokofyeva vurğulayıb ki, Heydər Əliyev Fondu Həştərxanda bir çox sosial əhəmiyyətli layihələr həyata keçirib.

O bildirib ki, Həştərxan vilayətində Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. “Birlik, harmoniya, qarşılıqlı hörmət kimi ümumbəşəri dəyərlər bundan sonra da dövlətlərimizdə sülhün və sabitliyin təminatı olacaq”,-deyə nazir vurğulayıb.

Çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Arximandrit Aleksiy Nikonorov bildirib ki, istənilən xalqın milli kodu bu xalqın dilinə, mədəniyyətinə, adət-ənənəsinə, dininə əsaslanır. Azərbaycanın milli kodu multikulturalizm, tolerantlıq, digər etnik qruplara və dini inanclara hörmət kimi elementləri özündə ehtiva edir. Onun fikrincə, “multikulturalizm” anlayışına daha geniş nəzər salsaq, qeyd etməliyik ki, müasir dünyada 2000-dən çox müxtəlif mədəniyyətə və dinə mənsub xalqlar yaşayır. Hazırda BMT-yə 200-ə yaxın dövlət daxildir. Buradan belə nəticə çıxır ki, xalqlar müəyyən mənada birlikdə yaşamalıdırlar. Məhz multikulturalizm bütöv bir dövlətdə müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşamasını nəzərdə tutur.

Aleksiy Nikonorov deyib ki, Azərbaycanda müxtəlif mədəniyyətə və konfessiyaya malik insanlar sülh və əmin-amanlıq şəraitində yaşayır: “Mədəniyyətlərin müxtəlifliyi qarşılıqlı mənəvi zənginləşmə mənbəyinə çevrilir, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir”.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev multikulturalizmin Azərbaycan modelini bütün dünyaya təqdim ediblər: “Azərbaycan təcrübəsi göstərir ki, multikulturalizm xalqların polietnik şəraitdə birgəyaşayışının ən optimal formasıdır. Azərbaycanda hər bir etnik qrupun mədəniyyətinin inkişafına, eyni zamanda, mədəniyyətlərarası inteqrasiyanın gücləndirilməsinə böyük diqqət yetirilir. Biz bütün bunları təqdir edirik”.

Anar TAGIYEV
Xəbəri paylaş