Dərin tarixi köklərə malik Azərbaycan-İsrail əlaqələri hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Bu günlərdə İsrail prezidenti İshaq Hersoqun səfəri Bakı-Təl-Əviv münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edilir. Elə Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev də bu qənaətdədir.
Newscenter.-ın xəbərinə görə, hakim partiya rəsmisi deyib ki, bu səfər ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir:
"Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması isə, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Qeyd olunmalıdır ki, ilk yəhudi icmaları Azərbaycanda bir əsrdən də çox müddət əvvəl meydana gəlib. Xalqlarımız arasında dostluq əlaqələri isə daha qədim tarixi köklərə malikdir".
Akşin Əliyevin sözlərinə görə, Azərbaycanın sözün həqiqi mənasında tolerant dövlət olması imkan vermişdir ki, ölkəmizdə yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər.
Anar TAGİYEV