"Son vaxtlar Ermənistanın Azərbaycanla şərti sərhəd boyunca hərbi texnika və canlı qüvvə yığması ilə bağlı video görüntülər və çox sayda məlumatlar verilir. Paralel olaraq Ermənistanın rəsmi dairələrindən "Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır" kimi bəyanatlar da verilməkdədir. Demək olar hər gün Ermənistan tərəfindən və onların himayəsində olan separatçı rejimin silahlı dəstələri tərəfindən mövqelərimiz təxribatlara məruz qalır və dünən Ağdam istiqamətində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin movqelərimizin üzərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirməsi və ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində təxribatın qarşısı alınması bu halların intensivləşməsini göstərməkdədir".
Bu fikirləri Newscenter-az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Azərbaycan tərəfi münaqişənin həlli istiqamətində əvvəldən apardığı siyasətində, Ermənistanın destruktiv fəaliyyətinin şahidi olub:
"Ermənistanın bu kimi siyasəti birbaşa olaraq Azərbaycana qarşı yonəlsə də, bunun birmənalı olaraq Azərbaycana qarşı aparılan siyasət kimi qəbul etmək olmaz. Bu kimi təxribat xarakterli ikibaşlı siyasətin tərkibində həmçinin daxildəki siyasi qüvvələrin bir-birinə qarşılıqlı təsir mexanizmi də yer alır və onlar Qarabağ kartından qarşılıqlı olaraq ölkə daxili siyasətdə bir-birinə qarşı istifadə edirlər. Hazırda demək olar ki, iki ölkə arasında sülh danışıqları proseslərinin heç vaxt bu qədər intensiv və sürətli dövrü qeydə alınmamışdır. Bu qədər məhsuldar bir dönəmdə , sülh danışıqları prosesinin əsas mərhələsinə qədəm qoyulan bir vaxtda Ermənistan tərəfindən belə məsuliyyətsiz bəyanatların səsləndirilməsi və sərhəd bölgələrinə silah və canlı qüvvə toplaması sülh masasında avantaj xarakteri daşıyır və Ermənistanın siyasi hakimiyyəti belə bir axmaqlığı təkrar etməyə cürəti çatmaz".
Anar Əliyev