20 fevral tarixindən İran İslam Respublikasına səfərə gedən, 4 mart tarixindən isə barəsində hər hansı bir xəbər alınması mümkün olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda casusluqda ittiham edilərək həbs olunması bir daha molla rejiminin həqiqətən də anormal rejim olduğunu təsdiqləyir.
Bu rejim özü az qala dünyanın hər yerində, o cümlədən Azərbaycan Respublikasında da casus şəbəkəsini qurmağa səy göstərdiyinə görə düşünür ki, İrana işgüzar məqsədlərlə və ya sadəcə turist kimi gələn əcnəbilərin də hamısı potensial casusdur. Ona görə də mollalar bəlkə də yuxularında da yalnız ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini (CİA), İsrailin MOSSAD-nı, İngiltərənin Mİ-5 xidmətini və Azərbaycanın DTX-ni görürlər. Bu baxımdan, bu yaramaz rejimin Təbrizə, Ərdəbilə, Tehrana və s. şəhərlərə səfər edən Azərbaycan vətəndaşlarına potensial casus kimi yanaşması anlaşılandır. Fərid Səfərlinin casus qismində həbs edilməsi də məhz molla rejiminin qeyd etdiyimiz xəstə təfəkküründən qaynaqlanır.
Lakin molla rejiminin bu davranışları müvafiq beynəlxalq konvensiyalara da, insan hüquq və azadlıqları prinsiplərinə də tamamilə ziddir. İran özünü heç bir sivil qanunların işləmədiyi quldur dövlət kimi aparmamalıdır. Bu İranın onsuz da bərbad vəziyyətdə olan beynəlxalq imicini daha aşağı salır.
Biz islami prinsiplərə deyil, total şübhə və düşmənçilik psixologiyasına söykənərək hər yerdə və hər kəsin simasında casus axtaran İranın molla rejimini Fərid Səfərlinin hüquqlarına hörmətlə yanaşmağa və onu dərhal həbsdən azad etməyə çağırırıq. Rəsmi Tehran Azərbaycan ilə münasibətləri həqiqətən də normallaşdırmaq istəyirsə, qonşuluq prinsiplərinə zidd olan məkrli əməllərinə son qoymalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri