Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.