Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sel təhlükəsi ilə üzləşən Biləsuvarda son vəziyyət açıqlanıb

Sel təhlükəsi ilə üzləşən Biləsuvarda son vəziyyət açıqlanıb


Biləsuvar rayonunda Bolqarçay çayında suyun səviyyəsinin artması ilə əlaqədar gözlənilən sel təhlükəsinin qarşısının alınması istiqamətində görülən işlər açıqlanıb.

Newscenter-az bildirir ki, bu barədə "Report"un yerli bürosuna Sel sularının qarşısının alınması və əhalinin təhlükəsiz təxliyəsi məqsədilə yaradılan xüsusi qərargahdan məlumat verilib.

Bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq İran ərazisindən təxminən 40-45 kubmetr/saniyə sürəti ilə böyük su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması nəticəsində sel təhlükəsi yaranıb.

Sel sularının qarşısının alınması məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin və aidiyyəti idarə, müəssisə və təşkilatların iştirakı ilə yaradılmış qərargahın rəhbərliyi ilə gecə boyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilib.

Beləliklə, Bolqarçay su anbarında yığılmış su kütləsi vaxtında boşaldılaraq daxil olan sel sularının bir hissəsi su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.

Bundan əlavə, çayın müxtəlif hissələrində bəndvurma və sahilbərkitmə işləri aparılıb. Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən yaşayış məntəqələrinin əhalisi qabaqcadan məlumatlandırılıb.

Bu gün saat 06:00-dan başlayaraq çayda suyun səviyyəsi azalaraq normal vəziyyətə düşmüş və görülmüş tədbirlər nəticəsində, sel suları heç bir dağıntı və təlafata səbəb olmayıb.
Xəbəri paylaş