Hindistan mətbuatında yer alan xəbərə görə, Assam Əyalətinin Fəlakətlə Mübarizə İdarəsindən (ASDMA) verilən açıqlamada əyalətdə yağan leysan yağışların daşqınlara səbəb olduğu bildirilib.
Assamın Chirang, Darrang, Dhemaji, Dhubri, Dibrugarh, Kokrajhar, Lakhimpur, Nalbari, Sonitpur və Udalguri bölgələrində 30 min 700 nəfərin daşqınlardan zərər çəkdiyi qeyd edilib.
Bu insanların 22 mindən çoxunun yaşadığı Lakhimpurun daşqınlardan ən çox zərər çəkən bölgə olduğu və fəlakətlə əlaqədar 7 bölgədə 25 yardım paylama mərkəzinin yaradıldığı vurğulanıb.
Bildirilib ki, Assamda 444 kənd su altında qalıb, təxminən 4700 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.
Assamın müxtəlif bölgələrində torpaq sürüşmələrinin olduğu, yolların, körpülərin və infrastrukturun zədələndiyi bildirilib.
Hindistan Meteorologiya Bölməsi (IMD) Assamın bir çox bölgəsində 5 gün ərzində güclü yağış yağacağını proqnozlaşdıraraq "qırmızı təhlükə" elan edib.