Yandırıcı istilər Meksikada həyatı iflic edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, xüsusilə ölkənin şimal-qərbi və cənub-şərqində rekord temperatur qeydə alınıb. İyunun əvvəlindən təsirli olan həddindən artıq istilər 37 nəfərin ölümünə səbəb olub.
Meksikanın Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkə üzrə günvurma şikayəti ilə xəstəxanalara 426 nəfərin müraciət etdiyi, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Ən yüksək temperatur ölkənin Verakruz əyalətində qeydə alınıb. Burada havanın temperaturu 43 dərəcəyə çatıb. Nəticədə təkcə adıçəkilən əyalətdə istilərdən 14 nəfər vəfat edib. Bundan başqa Tabasko əyalətində 8 nəfərin, Oaxaca, Tamaulipas və Coahuila ştatında 3 nəfərin, Sonora, San Luiz Potosi və Sinaloada 2 nəfərin öldüyü bildirilib.
Milli Meteorologiya Xidməti (SMN) ölkə miqyasında isti dalğasının daha 10-15 gün davam edəcəyini açıqlayaraq, xroniki xəstələrin məcbur olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.
Mehman Mehdiyev