AŞPA-nın yay sessiyası çərçivəsində “Miqrantların və qaçqınların inteqrasiyası: bütün iştirakçı partiyalar üçün faydalar” mövzusunda müzakirə keçirilib. Toplantıda həmçinin idman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial inteqrasiyası, eləcə də sənədsiz işçilərin və ya qeyri-qanuni vəziyyətdə olanların sağlamlığı və sosial müdafiəsinə də toxunulub.
Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Könül Nurullayeva Assambleyaya ünvanladığı yazılı çıxışda bildirib ki, inteqrasiya proqramlarının yaradılması miqrantların və qaçqınların inteqrasiyasının stimullaşdırılması üçün effektiv vasitədir. Bu təşəbbüslər təhsil və səhiyyəyə çıxış, məşğulluğa dəstək, dil və mədəni təlim kimi inteqrasiyanın müxtəlif aspektləri üzərində cəmləşə bilər: “Miqrantların və qaçqınların tələblərinə cavab vermək üçün xüsusi hazırlanmış dil proqramları təklif etməklə biz onlara yeni mühitlərə uyğunlaşarkən səmərəli ünsiyyət qurmalarına kömək edə bilərik”.
K.Nurullayeva Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün problemini də xatırladıb. Bildirib ki, torpaqları 30 ilə yaxın, 2020-ci ilə qədər qonşu ölkənin - Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkib:
“Azərbaycan və Ermənistan arasındakı keçmiş münaqişə nəticəsində regionda böyük humanitar fəlakət baş verdi - 1 milyona yaxın azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkünə çevrildi. Belə ki, Azərbaycan qaçqın və məcburi köçkünlərin sayına görə MDB məkanında və Avropada birinci yerdə idi. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yüksəldilməsi, onların hərtərəfli inteqrasiyası istiqamətində fəal siyasət aparan, yüksək nəticələr əldə edən ölkələrdəndir.”
Deputat sosial inklüzivliyi artırmaq üçün müxtəlif mənşəli şəxsləri qəbul edən multikultural idman klublarının yaradılmasını da təklif edib: “Bu klublar miqrantların, qaçqınların və məcburi köçkünlərin idmanla məşğul ola biləcəyi və yerli ictimaiyyətlə əlaqələr qura biləcəyi təhlükəsiz və dəstəkləyici mühit yarada bilər.
Bundan əlavə, sənədsiz işçilərin sosial müdafiəsini həll etmək üçün biz sənədsiz işçilərin hüquqi statusunu təmin etmək məqsədi daşıyan yaxşı dizayn olunmuş əlçatan nizamlama proqramı yarada bilərik. Eyni zamanda, hərtərəfli məlumat kampaniyaları keçirməklə biz işçilərin nizamlanma proqramının təmin etdiyi üstünlüklər və imkanlar haqqında məlumatlılığı artıra bilərik. Biz birlikdə yaraları sağaldıb, ümidləri bərpa edib, sevgi və həmrəyliklə sərhədləri aşaraq məcburi köçkünlər və qaçqınlar üçün daha parlaq gələcək qurmalıyıq. Biz hər zaman məcburi köçkünlər və qaçqınlar üçün həmrəyik!”
Ruhiyyə