Gədəbəy rayonunun Söyüdlü kəndində yaradılmış süni göldən ətrafa toksik maddələrin buxarlandığı və bununla da kənd sakinlərinin zəhərlənməsinə dair müxtəlif fikirlər səslənməkdədir. Bəziləri sözügedən göldən toksik maddələrin yayılmasını mümkün, bəziləri isə qeyri-mümkün hesab edir? Bəs, bu sahədə mütəxəssislər nə düşünür?
Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova Newscenter. az-a bildirib ki, sistematik toksikoloji analizdən (STA) istifadə edərək, kliniki diaqnozları təsdiqləmək və zəhərlənmə diaqnozunda dəyişiklikləri araşdırmaq bütün dünyada məhduddur. Onun sözlərinə görə, toksik maddənin orqanizmə zərər vermə dərəcəsini müəyyən etmək olmur:
“Toksik maddənin təsiri kəskin və ya xroniki formada görülə bilər. Kəskin halda ən optimal yol toksik təsir yaradan maddə ilə təması kəsmək və antidot təyin etməkdir”.
Aysel Əskərova deyir ki, belə halda qaraciyər biopsisi adətən mövcud duruma aid proqnozu verə bilir. Hepatotoksik kimyəvi maddələrə məruz qalma potensialı olan işçilər fabrikdə istifadə olunan kimyəvi maddələrin siyahısını əks etdirən sənədlə təmin edilməlidir:
“Məlumat, təlimat və təlim verməklə işçilərin məruz qalma risklərini azaltmaq olar. Məlumatlılığın artırılması ən vacib, effektiv aspektlərdən biri hesab olunur”.
Anar Əliyev