İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviq edilməsi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən "Sənayenin inkişafına dəstək” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlığın, o cümlədən sənaye sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsində kredit təşkilatlarının rolunun əhəmiyyətini vurğulayıb, qaliblərə təşəkkür edib.
Bildirilib ki, müsabiqə çərçivəsində Fondun müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri tərəfindən 73 biznes layihəsinə ümumilikdə, 18 milyon manata yaxın güzəştli kredit ayrılıb. Müsabiqə komissiyasının qərarına əsasən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələri üzrə mikro, kiçik və orta bizneslərə məxsus layihələrin sayı və verilmiş kreditlərin ümumi məbləği əsas götürülməklə, 1-ci yerə “Access Bank” QSC-nin nümayəndəsi Emin Kərimov, 2-ci yerə “Access Bank” QSC-nin nümayəndəsi Azad Əhmədov, 3-cü yerə "Bank of Baku" ASC-nin nümayəndəsi Tofiq Hüseynzadə layiq görülüb.
Qaliblər diplom və pul mükafatları ilə təltif ediliblər.
Natiq Orucov