Rusiya rəsmi şəkildə "Taxıl sazişi"nin başa çatdığını bəyan etdi. Uzun müddət Türkiyənin təşəbbüsü hesabına işlək vəziyyətdə olan sazişin qüvvədən düşməsinin yenidən taxılın, çörəyin qiymətinin artmasına təsirsiz ötüşməyəcəyi mümkün deyil. Bəs, bu mənfi tendensiyanın Azərbaycan bazarına təsiri olacaqmı? Konkret olaraq Azərbaycanda da çörəyin qiyməti arta bilərmi?
Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb. Bu haqda rəsmi Rusiya açıqlama yayıb:
"Rusiyanın bu addımı taxılın dünya bazar qiymətini 3.0 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar. Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Bir tərəfdən, qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir".
Azərbaycana gəldikdə isə, millət vəkili deyib ki, hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur:
"Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçin mövsümü yeni tamamlanır və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur".
Anar Əliyev