Dövlət Gömrük Komitəsinə tabeli qurum müqavilə öhdəliyinə əməl etmir. Newscenter.az xəbər verir ki, belə bir iddia ilə
AFN MMC-nin rəhbəri Səbuhi Qafarov çıxış edib. O, məsələ ilə bağlı DGK sədri Şahin Bağırova müraciət edib.
Müraciət müəllifi qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi ilə AFN MMC arasında 19.01.2022-ci il tarixində müqavilə bağlanıb:
"1 illik müddətə bağlanan həmin müqaviləyə əsasən, limitsiz press-reliz, şəkil və vakansiya elanlarını “Azerbaijan Favorite News” (www.afn.az) xəbər portalında yerləşdirməyi öhdəmizə götürmüşük. Ötən müddət ərzində üzərimizə götürdüyümüz öhdəliyə qüsursuz əməl etmişik. Lakin 06.2022-ci il tarixdən etibarən müqavilədə əksini tapan ödəniş hesabımıza edilməyib. Müqavilədə də əksini tapdığı kimi, müqavilənin müddəti bitdikdə tərəflərdən hər hansı biri onun ləğvi üçün müraciət etmirsə, avtomatik bu müddət uzanır. O hesabla artıq 1 ildir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Bu isə bizə hüquqi addımlar üçün əsas verir".
Müraciət müəllifi DGK rəhbərliyindən xahiş edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə müvafiq öhdəliyin icrası üçün göstəriş versin.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Anar Əliyev